“Kəpəz” futbol klubu hazırlığını itkilərlə başa vurub
Futbol üzrə Azərbaycan Premyer Liqasının 23-cü turu çərçivəsində fevralın 27-də Gəncədə “Sumqayıt”ı qəbul edəcək “Kəpəz” oyuna hazırlığını yekunlaşdırıb.

Bakıda ötən gün sonuncu məşqini keçirən komanda bu gün Nizami yurduna yollanıb. Gəncə təmsilçisinin “Sumqayıt” ilə görüş öncəsi sonuncu hazırlığı matçın keçiriləcəyi şəhər stadionunda olacaq. Hazırlıq prosesi mətbuat və azarkeşlər üçün açıq olacaq.

“Kəpəz”in Bakı hazırlığı itkilərlə keçib. Belə ki, Orxan Əliyev, Xəzər Qəribov, Budaq Nəsirov, Junior Osvaldo zədə, Tərlan Quliyev isə qripə yoluxduğundan məşqləri buraxmaq məcburiyyətində qalıb. Adı çəkilən ilk iki futbolçunun qarşıdakı ev oyununda meydana çıxmayacağı dəqiqdir. T.Quliyev isə tam sağalıb və səhhətində heç bir problem yoxdur. B.Nəsirov ilə J.Osvaldo Gəncəyə gəlsə də, onların oynayıb-oynamayacağı matç günü bilinəcək. Tibbi personal hər iki yarımmüdafiəçini hazır vəziyyətə gətirmək üçün səylərini davam etdirir.

Xəbər 681 dəfə oxundu.