F1 sıralanma qaydasını dəyişə bilər
Cenevrədə baş tutan Strateji İşçi Qrupunun növbəti iclasında komandaların nümayəndələri yekdilliklə yeni mövsüm üçün təsnifat sessiyasının formatının dəyişdirilməsi təklifini dəstəkləyiblər. Bu təklif Formula 1 Komissiyası tərəfindən də qəbul olunub, mart ayının 4-də Beynəlxalq Avtomobil Federasiyasının (FİA) Avtoidman üzrə Ümumdünya Şurasında təsdiq olunması gözlənilir.

Təsnifat sessiyasının detalları hələ tam təsdiqlənməsə də, ümumi prinsip artıq müəyyən olunub. Təsnifat sessiyasının müddəti əvvəlki kimi – 60 dəqiqə olacaq və 3 mərhələdən ibarət olacaq. Lakin pilotlar daim trekdə olacaqlar və zaman kəsiyində ən pis nəticə göstərən pilot treki tərk edəcək.

İlk mərhələ 16 dəqiqə davam edəcək və 7-ci dəqiqədən başlayaraq ən yavaş pilot yarışda çıxışını dayandıracaq. Bundan sonra hər 90 saniyədən bir, pilotlardan biri mübarizəni tərk edəcək və bu sessiya 15 pilot qalanadək davam edəcək.

İkinci mərhələnin müddəti 15 dəqiqə olacaq. Qaydalar eynidir – 6-cı dəqiqədən başlayaraq 90 saniyəlik intervalla 7 ən yavaş pilot sessiyada mübarizəni dayandıracaq. İkinci mərhələ 8 pilot qalanadək davam edəcək.

Son üçüncü mərhələnin müddəti 14 dəqiqə sürəcək, ən yavaş pilotlar 5-ci dəqiqədən başlayaraq mübarizəni dayandırmağa başlayacaqlar, trekdə yalnız iki pilot qaldıqda son 90 saniyə ərzində onlar poul uğrunda yarışacaqlar.

Xəbər 724 dəfə oxundu.