Hyustonda Vüqar Həşimovun xatirəsinə həsr olunmuş üçüncü həvəskar şahmat turniri keçirilib
Fevralın 21-də ABŞ-ın Texas ştatının Hyuston şəhərində tanınmış azərbaycanlı qrossmeyster Vüqar Həşimovun xatirəsinə həsr olunmuş sürətli şahmat üzrə üçüncü həvəskar turnir keçirilib. Hyuston şəhərindəki Azərbaycan Mərkəzində keçirilən turnirdə müxtəlif yaşlı şahmat həvəskarları iştirak ediblər.

Turnirin açılış mərasimində “Hyuston Azərbaycanlıları” Assosiasiyasının idarə heyətinin üzvü İlqar Əzizov beynəlxalq qrossmeyster Vüqar Həşimovun həyat və fəaliyyətindən danışıb, turnirin qaydaları barədə məlumat verib.

Sonra Vüqar Həşimov ilə bağlı videoçarx nümayiş etdirilib.

Turnirin yekunlarına görə birinci yeri Hyuston şəhərinin sakini Xoa M. Bui tutub. İkinci və üçüncü yerlərə isə Şelli Oberoi və Ernesto Lizarondo sahib olublar.

Azərbaycan Mərkəzi adından çıxış edən Fərid Məmmədov qaliblərə təbriklərini çatdırıb, onlara kubok, sertifikat və pul mükafatları təqdim edib.

Turnir Azərbaycan Mərkəzi, Hyuston-Bakı Qardaşlaşmış Şəhərlər Assosiasiyası, “Hyuston Azərbaycanlıları” Assosiasiyası və “Center64” şahmat klubunun birgə dəstəyi ilə təşkil olunub. Yarışın texniki dəstəyi Hyustonun Azərbaycan icmasının üzvləri Eldar Quliyev və Zaur Tağıyev tərəfindən göstərilib.

AZƏRTAC

Xəbər 769 dəfə oxundu.