Zirə mövsümün rekordunu təkrarladı
Topaz Premyer Liqasının debütantı “Zirə” ardıcıl 4-cü qələbəsini qazanıb. 2016-cı ildə xal itirməyən paytaxt klubu mövsümün ikinci yarısında 2 qolla 3 xal qazanmaq seriyasını davam etdirib.

Evdə keçirdiyi 19-cu turda “İnter”i, 21-ci turda “Rəvan”ı eyni 2:1 hesabı ilə məğlub edən Adil Şükürovun yetirmələri ilin ikinci səfərində də 2:0-a sevinib. 20-ci turda “Sumqayıt”ı bu hesabla məğlub edən zirəlilər bu dəfə “Xəzər Lənkəran”ın meydanında 3 xalı 2 cavabsız qola əldə edib.

Çempionatın birinci dövrəsində - 5-7-ci turlarda 3 qələbədən ibarət seriyası olan “Zirə” özünün yeni rekordunu müəyyənləşdirib. Ümumiyyətlə, cari mövsümdə ən uzun qələbə seriyası məhz 4-ə bərabərdir. Bu rekordu təkrarlayan debütantadək iki dəfə “Qarabağ” (2-5 və 10-13-cü turlarda), hərəyə bir dəfə “Qəbələ” (5-8-ci turlar) və AZAL (16-19-cu turlar) belə seriyaya imza atmışdı. 23-cü turda “Neftçi”ni qəbul edəcək qəsəbə təmsilçisi qalib gəlsə, mövsümün mütləq rekorduna yiyələnəcək.

Xəbər 626 dəfə oxundu.