İdman gimnastikası üzrə Dünya “Challenge” Kuboku yarışlarının ikinci gününə start verilib
Fevralın 20-də idman gimnastikası üzrə Dünya “Challenge” Kuboku yarışlarının ikinci gününə start verilib.

Azərbaycanda ilk dəfə təşkil olunan bu mötəbər turnir birinci Avropa Oyunlarında gimnastikanın altı növü üzrə yarışlara ev sahibliyi etmiş Milli Gimnastika Arenasında keçirilir.

Kubok yarışlarında 19 ölkədən 146 iştirakçı gücünü sınayır. Yarışlarda ayrı-ayrı alətlər üzrə medallar uğrunda 46 kişi və 22 qadın gimnast mübarizə aparır.

Dünya Kuboku yarışlarına kişilər arasında dayaqla tullanma, qadınlar arasında isə gimnastika tiri yarışlarına start verilib. Daha sonra isə kişilər paralel qollar, turnik, qadınlar isə sərbəst hərəkətlərlə mübarizəni davam etdirəcəklər.

Kişi gimnastlardan üçqat dünya çempionu Kenzo Siray (Yaponiya), gimnastika atı üzərində hərəkətlərdə dünya çempionatının bürünc medalçısı Kaya Kazuma (Yaponiya), Olimpiya Oyunlarının ikiqat gümüş medalçısı Marsel Nquyen (Almaniya), xalça üzərində sərbəst hərəkətlər üzrə Avropa çempionu Aleksandr Şatilov (İsrail) və digərləri çıxış edirlər.

Bu mötəbər idman tədbirinin tanınmış qadın gimnastları isə Olimpiya, dünya və Avropa çempionu Oksana Çusovitina (Özbəkistan), yeniyetmələrin Yay Olimpiya Oyunlarında sərbəst hərəkətlər üzrə çempion Flavia Lopes Sarayva (Braziliya) və dünya kuboklarının üçqat qızıl medalçısı Dorina Bötsoqödür (Macarıstan).

Favoritlər arasında paralel qollar üzrə dünya üçüncüsü, “Bakı-2015” ilk Avropa Oyunlarında beş medala layiq görülmüş Azərbaycan idmançısı Oleq Stepko və komanda hesabında onunla birgə bürünc mükafat qazanmış Petro Paxnyuk da yer alır.

Azərbaycanı yarışlarda zərif cinsin nümayəndələrindən idman gimnastikası üzrə Dünya “Challenge” Kubokunun gümüş medalçısı Kristina Pravdina, Marina Nekrasova, Yuliya İnşina və Mariya Smirnova təmsil edirlər.

Yarışların ilk iki günündə kişi və qadın gimnastlar arasında kubokun təsnifat mərhələləri, sonuncu günündə isə ayrı-ayrı alətlər üzrə final mərhələləri keçiriləcək.

Tamaşaçıların yarışlardan daha çox zövq almaları üçün turnir boyunca müxtəlif müsabiqələr və əyləncə xarakterli fləşmoblar da təşkil olunur.

Xəbər 660 dəfə oxundu.