AFFA-nın Media Komitəsi yaradıldı
Bu gün Bakı Olimpiya Stadionunda “AFFA – elektron idman KİV-i: dəyirmi masa” adlı ikinci tədbir keçirilib. AFFA-nın baş katibi Elxan Məmmədov “Azərbaycan idman mətbuatının inkişaf proqramı”nın icrası üçün təsis olunacaq AFFA-nın Media Komitəsinin əsasnaməsinin hazırlanması məqsədilə irəli sürülmüş əsas tezislər barədə məlumat verib.

Baş katib Media Komitəsinin 7 nəfərdən ibarət olmasını, üzvlərin fəaliyyət müddətinin 1 ili əhatə etməsini (təkrar seçilmək hüququnun saxlanması ilə), büdcənin formalaşdırılmasını, idmanla bağlı seminarların, xarici mütəxəssislərin iştirakı ilə master-klassların, təcrübə mübadiləsinin, yazı müsabiqələrinin təşkilini, etik kodeksin hazırlanmasını təklif kimi mətbuat nümayəndələrinin diqqətinə çatdırıb.

KİV təmsilçiləri çıxış edərək təkliflərini səsləndiriblər. Sonra Media Komitəsinin 6 nəfərdən ibarət İşçi qrupunun seçilməsi üçün səsvermə keçirilib. Media Komitəsinin tərkibi İşçi qrupun əsasında formalaşdırılacaq.

Xəbər 674 dəfə oxundu.