Fövqəladə Hallar Nazirliyinin qurumları arasında daşqaldırma üzrə çempionat keçirilib
Fevralın 18-19-da Fövqəladə Hallar Nazirliyinin (FHN) İdman-Sağlamlıq Klubu və FHN işçilərinin həmkarlar ittifaqı komitəsinin təşkilatçılığı ilə nazirliyin qurumları arasında daşqaldırma üzrə çempionat keçirilib.

Dövlət Yanğından Mühafizə Xidmətinin 18 saylı Yanğından Mühafizə Hissəsinin idman zalında təşkil olunan çempionatda nazirliyin 17 qurumunun 75-ə yaxın nümayəndəsi 60, 65, 70, 80, 90 və 90 kiloqramdan yuxarı çəki dərəcəsində mübarizə aparıblar.

Yarış iştirakçıları 24 kiloqramlıq daşlarla əvvəlcə birdən qaldırma, daha sonra təkan çalışmaları yerinə yetiriblər. Gərgin idman mübarizəsi şəraitində keçən yarışda komanda hesabında Mülkü Müdafiə Qoşunları birinci, Dövlət Yanğından Mühafizə Xidməti ikinci, Xüsusi Riskli Xilasetmə Xidməti isə üçüncü yerə layiq görülüb.

Şəxsi birincilikdə isə Orxan İsgəndərov (60 kq, DYMX), Tural Qurbanov (65 kq, FHN-in Akademiyası), Zeynal Zeynalov (70 kq, Aran RM), Mətləb Məmmədov (80 kq, MMQ), Məhərrəm Məcidov (90 kq, DYMX), Mail Əliyev (90 kq-dan yuxarı, MMQ) birinci olublar.

İdman-Sağlamlıq Klubunun rəisi Füzuli Musayev və FHN işçilərinin həmkarlar ittifaqı komitəsinin sədri Mehman İsmayılov qalibləri təbrik edərək, onlara kubok, diplom, medal və qiymətli hədiyyələr təqdim ediblər.

Çempionatı beynəlxalq dərəcəli hakim Azad Mustafayev, respublika dərəcəli hakim Həmzə Əfəndiyev idarə ediblər.

Xəbər 560 dəfə oxundu.