Taekvondoçularımız Türkiyədə daha 7 medal qazandılar
Azərbaycan taekvondoçuları Türkiyədə keçirilən yarışlarda uğularını davam etdirir. Antalyada təşkil edilən “TURKİSH OPEN” beynəlxalq turnirinin ardından 4-cü klublararası Avropa çempionatında ölkəmizi təmsil edən "Gilan" T.K. taekvondoçuları, yarışın ilk günü 2 qızıl, 3 gümüş və 2 bürünc, ümumilikdə isə 7 medal qazanıblar.

Kişilər arasında komanda hesabında birinci pilləyə sahib olan “Gilan” taekvondo klubunun baş məşqçisi Elnur Amanovun yetirmələrindən -58 kq çəki dərəcəsində mübarizəyə qatılan Zəlimxan Rəşidov və yığma komandanın heyətində son dünya kubokunun sahibi Məhəmməd Məmmədov (-63 kq) rəqiblərinə şans verməyərək qızıl medala yiyələnib.

I Avropa Oyunlarının qalibləri Axyan Tağızadə (-68 kq) və Radik İsayev (+87 kq), eləcə də -74 kq çəki dərəcəsində dayanq üzərinə çıxan Namaz Heydərov finalda məğlub olaraq gümüş medala layiq görülüblər.

Klubun digər üzvlərindən Məcid Sofiyev (-54 kq) və Milad Beigi Hərçəqani (-80 kq) isə yarışla yarımfinal mərhələsində vidalaşaraq bürünc medalla kifayətlənməli olublar.

Qeyd edək ki, növbəti iki gün ərzində müvafiq olaraq, "Gilan" T.K. , Sumqayıt O.İ.K və Təhsil R.İ.M-nin gənc və yeniyetmə idmançıları qüvvələrini sınayacaqlar.

Xəbər 653 dəfə oxundu.