İdman gimnastikası üzrə dünya kubokunda iştirak üçün Bakıya gələn xarici qonaqlarla görüş keçirilib
Bakıda keçiriləcək idman gimnastikası üzrə dünya kubokunda iştirak etmək üçün ölkəmizə gələn nümayəndə heyətlərinin rəhbərləri və üzvləri üçün fevralın 18-də istiqamətləndirici iclas keçirilib.

İclasda Azərbaycan Gimnastika Federasiyasının vitse-prezidenti Altay Həsənov nümayəndə heyətlərinin üzvlərini salamlayaraq, onlara uğurlar arzulayıb. A.Həsənov bildirib ki, bu yarış Bakıda idman gimnastikası üzrə ilk dünya kubokudur. Bu vaxtadək bədii gimnastika üzrə belə yarışlar keçirilib.

Görüşdə Beynəlxalq Gimnastika Federasiyasının (FIG) qadın idman gimnastikası üzrə texniki komitəsinin prezidenti Nelli Kim və FIG-in kişi idman gimnastikası üzrə texniki komitəsinin üzvü Holqer Albrext yarışlara hazırlığın yüksək səviyyədə olduğunu vurğulayıblar.

N.Kim qeyd edib ki, gələn ildən idman gimnastikası üzrə dünya kubokunun növbəti mərhələləri Olimpiya Oyunları üçün təsnifat xarakteri daşıyacaq. Bakı həmin yarışlara ev sahibliyi edən şəhərlərdən biri ola bilər. Burada bütün lazımi şərait və obyektlər Olimpiya standartlarına tam uyğundur.

Xəbər 657 dəfə oxundu.