Psixoloji portret cizgiləri: Hərəni temperament əhvalına görə qiymətləndirməliyik
Yarış qanunlarına görə, klubların cari mövsüm üçün vəziyyətinə uyğun olaraq milli futbol çempionatında qüvvələr nisbəti tarazlığı dövrü başlanmalıdır. Lakin mənzərə tam fərqlidir və daha çox psixoloji dram xarakteri alır.

Ötən tur mövsümün açıq-gizli liderləri sayılan iki klub üçün həlledici idi. Əvvəlcə, "Qəbələ" Bakıda yaralı, lakin ən prinsipial rəqibi "İnter"i məğlub etməklə yüksək psixoloji dəstəyə sahib çıxdı. "Bu eyforiyaya çevrildi, yoxsa temperament göstəricisinə?", - deyə öz-özümüzə sual verib cavab axtarsaq, heç də yaxşı mənzərə ilə qarşılaşmarıq. Klub "Sumqayıt"ı qəbul edərkən, elə bir səviyyə göstərdi ki, köhnə-təzə şübhələr toxumuna əsas verdi. Bu klub üçün, deyəsən, yenə də yeni dalğavari hərəkət dövrü davam edir. Əlbəttə, hətta bu gedişlə də ölkə çempionatı çərçivəsində iddialı olmaq mümkündür. Lakin Avropa arenası səviyyəsindən baxanda, yenə ürəkaçan nəsə görməyəcəyik. Komandanın bu qədər qeyri-sabit oyun nümayiş etdirməsinin sirrini, görünür, baş məşqçi də çözə bilmir. "İnter"lə görüş üçün bu, yolverilən çatışmazlıq sayıla bilər. Lakin "Sumqayıt"la hər şeyin təpərlə, nəzarətlə başladığı bir matçda rəqib qarşısında qəfil acizləşməni başa düşmək çətindir. Söz yox ki, "Sumqayıt" zəif bənd sayılmamalıdır. Yeni oyunçuları ilə daha bir formalaşma dövrünə daxil olan bu komanda, deyəsən, öz böyüyən kölgəsindən də qorxur. Söz yox, ilk dəqiqələrdən məşqçi korpusunun səhvləri əyani görünürdü. Çünki "Qəbələ"nin imkanlarını həddən artıq yüksək qiymətləndirmişdilər. Bu, tək onlara xas olmadığı üçün bu söhbəti və mövzunu sonraya saxlayaq.

"Qəbələ" üçün mövsümün qorxulu tərəfi daha iki müəmma - debütantlar "Zirə" ilə "Kəpəz"dir. Bu komandalar hadisələrin uğurlu gedişi təqdirində, yüksəlmək iqtidarındadırlar. Şans da var, bircə özünəinam çatmır. Onların nə üçün qış fürsətindən lazımınca yararlanmadıqlarını başa düşmək asan deyil. Qorxu, hürkü, yoxsa özünü sığortalama?

Amma, insaf naminə deyək ki, ötən tur liderlə matçda "Kəpəz" əvvəlki imkanlarının həddindən aşağı düşməyəcəyini nümayiş etdirdi. Əlbəttə, komandanın "Qarabağ"a qalib gəlməsi üçün əsas psixoloji sindromu aşması lazım idi. Bunu isə meydanda görmədik. Üstəlik, hələ 90-cı, bəlkə də 80-ci illəri xatırlayanların tribuna ovqatından savayı, bu qarşılaşmada əzəli rəqabəti xatırladan heç nə yox idi. 10-15 il ərzində bu prinsipiallığı yarada biləcək səbəblərin aradan qalxması haradasa müsbət məqamdırsa, digər tərəfdən azarkeş qəlbinin bir az kövrək simlərinə də toxunur. Bunun başlıca səbəbi, nə Gəncə, nə də Ağdam futbol məktəbinin olmamasıdır. Bu görüşdə həmin hissləri yaşayıb-yaşada biləcək qüvvələr üz-üzə gəlməmişdi.

Oyunun maraqlı alınması isə, sadəcə, diş altında olan iştahla bağlıdır. Ədalətli nəticənin heç-heçə olduğunu deyənlərə oyunun videolentinə baxmağı tövsiyə etmək olar. Çünki bu bərabərlər matçında "Qarabağ" hər addımda rəqibindən öndə idi. Elə Gəncə klubunun özü də Nizami yurdunda keçən birinci oyunda olduğu kimi daha çox ikinci plan komandası kimi görünməyə çalışıb, ən ağır cəzanı aldı. Künc zərbəsindən sonra vurulan iki qoldan sonuncusu daha ağır oldu. Lobanovskisayağı birbaşa küncdən uzaq dirəyə istiqamətlənib tora daxil olan top bu matçın rəmzi həqiqətlərinin təcəssümü idi. Amma "Qarabağ"dan icarəyə alınmış "Bakı"nın yetirməsinin uzun zədədən sonra qayıdıb ikinci parlaq qolunu vurması isə matçın əsl yaraşığı oldu. Gəncə klubu üçün bu qol əsl siqnal və özünəinam işarəsi olmalıdır.

Bu tur bir daha göstərdi ki, bu mövsüm "Qarabağ" yalnız özü-özünə məğlub ola bilər. Onu dayandıracaq qüvvə, sadəcə, özüdür. Çox təəssüf ki, klubların ümumi səviyyəsi bu komandaya daha da irəliləmək üçün təkan vermir. Qış fasiləsindən sonra əzəli rəqib "Neftçi"nin oyanışına az-çox ümid bəsləyənlərə "ağ-qaralar" autsayderlərlə - "Rəvan"la, sonra "Xəzər Lənkəran"la görüşlərdə həqiqəti göstərdi. Bu intibaha mane olan səbəbləri bir az da axtarmaq lazımdır: idarəetmədəki zəiflik; yoxsa kölgənin tündlüyünün təsirləri; ya da ənənəvi qaragüruh; bəlkə həmişəki ad-san ağırlığı - bu problemləri klub özü bizdən əvvəl çözməlidir. Yoxsa mətbuatda dolaşa kimi dolaşan oyunların da psixoloji təsirinə məruz qalacaq.

Ötən tur daha çox nəzəriyyə təsiri bağışlayan AZAL üçün əsl fürsət idi. İki qələbə klubu birdən-birə iddialılar sırasına qatmaqla onun gizli imkanlarının açarına çevrilə bilərdi. Bunlardan sonra bu klubla üz-üzə rəqabətdə bütün klubların büdrəməsi reallığa çevrilə bilərdi. Lakin çapalayaraq quyunun dibinə düşmək istəməyən "İnter"lə - daha çox Gəncə səfəri bu komandanın ümidlərini puç etdi. Həmin görüşdən sonra tilsim qırıldı və boşluq yarandı. "Beynəlmiləlçilər"lə görüşün gedişi və acizlik sülhü də ötən həftə ərzində gəzən kabusun əbəs olmadığını təsdiq etdi. Hərçənd real gözlə baxılsaydı, Gəncədəki məğlubiyyətdən klub müsbətə aparan nəticə də çıxara bilərdi.

Diqqət etsəniz, hər klub haqda sözümüz bir psixoloji təyinlə müşayiət olunur. Deyəsən, dövrün qədər-qisməti belədir. Ötən turlar üçün söhbətimizin daha çox xülasəyə bənzəyən, özü də bu qədər konkret icmala çevrilməsinin səbəbini də elə bu turların mahiyyəti əks etdirir. O, tarazlığa aparan yolun başlanğıcı olmalı idi. Fəqət yarış elə keçir ki, sanki qış fasiləsi indi bitib. Deməli, hələ gözləmək və turdan-tura keçən hər klubun psixoloji portretini tamamlayan özünəməxsus temperamentinə uyğun əhvalı təqib etməliyik.

BATI YAR



Xəbər 1019 dəfə oxundu.