Bakı idman gimnastikası üzrə dünya kuboku yarışlarına hazırdır
Bakıda təşkil olunacaq idman gimnastikası üzrə dünya kuboku yarışlarının ilk mərhələsinin başlanmasına artıq sayılı günlər qalıb. Yarışlar Azərbaycan Gimnastika Federasiyasının təşkilatçılığı ilə keçiriləcək. Artıq 18 ölkədən iştirakçıları qəbul etməyə hazırlaşan Bakıya ilk təşrif buyuran yığma komandalar məlum olub.

Dünya kuboku mərhələsinin yarışlarında iştirak etmək üçün İsveç və Yaponiya komandaları ölkəmizə gəlib. Onlardan xeyli əvvəl isə Bakıya Özbəkistan və İsrail yığma komandaları təşrif buyurub.

Dünya kuboku dünya gimnastika təqvimində mühüm hadisələrdən biridir. Buna görə də Beynəlxalq Gimnastika Federasiyası (FİG) nümayəndəsini – kişi idman gimnastikası üzrə Texniki Komitənin Almaniyadan olan üzvü Holqer Albrexti Bakıya ezam edəcək. O, yarışların gedişatını izləyəcək və bu subyektiv idman növündə hakimlərin qərəzsizliyinə nəzarət edəcək. Bakıya, həmçinin FİG-nin qadın idman gimnastikası üzrə Texniki Komitəsinin prezidenti və Olimpiya çempionu Nelli Kim (Belarus) də gələcək.

Bakıdakı turnir yerli və xarici kütləvi informasiya vasitələrinin diqqət mərkəzində olacaq. Müxbir və televiziya jurnalistlərini dünya kubokuna ezam edən Yaponiyada yarışların geniş işiqlandırılması gözlənilir.

Azərbaycan Gimnastika Federasiyasının baş katibi Fərid Qayıbovun sözlərinə görə, turnirin yüksək təşkilatçılıq səviyyəsində keçməsi gözlənilir. “Hava limanında qarşılamadan tutmuş son mükafatlandırmayadək artıq hər şey hazırdır. Ümid edirəm ki, bizim komanda kubok yarışları zamanı nizamlı surətdə çalışacaq və hamı xoş təəssüratlarla geri dönəcək”, - deyə F.Qayıbov qeyd edib.

Fərid Qayıbov deyib: “Bizim idmançıların iştirakına gəldikdə isə, əminəm ki, həm kişi, həm də qadın yığma komandası idman gimnastikası həvəskarlarını öz çıxışları ilə sevindirəcək. Mən, həmçinin bütün azarkeşləri fevralın 19-21-də Milli Gimnastika Arenasının tribunalarını doldurmağa, idmançılarımızı dəstəkləməyə və bizimlə birgə bu idman bayramını yaşamağa çağırıram”.

Xəbər 643 dəfə oxundu.