Baş məşqçi: Azərbaycan idman gimnastikası üzrə Dünya Kubokundan yalnız yaxşı nəticələr gözləyir
Bakıda keçirilən idman gimnastikası üzrə FIG Dünya “Challenge” Kubokundan həmişəki kimi yalnız yaxşı nəticələr gözləyirik.

Bu fikri müsahibəsində Azərbaycanın qadın idman gimnastikası üzrə yığma komandasının baş məşqçisi Nina Pravdina deyib.

O bildirib ki, hazırda gimnastlar yarışa 70-80 faiz hazırdırlar: “Lakin bizi qarşıda hələ yarışlara hazırlıq baxımından ən gərgin həlledici həftə gözləyir. Buna görə də kubok zamanı yaxşı formada olmağa çalışırıq. Qızların cüzi zədələri var, lakin dözürük, müalicə alırıq və çalışırıq”.

Nina Pravdina Milli Gimnastika Arenasının kuboka çox gözəl hazırlaşdığını vurğulayıb. Bildirib ki, hazırlıq gücləndirilmiş tepmlə gedir, yarışlar çox maraqlı keçəcək. Açılış hissəsi yarışların ən yaxşı hissələrindən biri olacaq. Ümumilikdə isə bu, Dünya Kubokunun ən yaxşı mərhələsi olacaq, çünki hazırlıq çox yüksək səviyyədə aparılır.

Baş məşqçi qeyd edib ki, gimnastlar proqramlarını mürəkkəbləşdiriblər: “Müxtəlif hündürlüklü qollar və gimnastika tiri üzərində hərəkətlərə əlavələr etmişik, hələ sərbəst hərəkətlərə də bəzi düzəlişlər etmək lazımdır, lakin onlar köhnə proqram üzrə olacaq. Dünya Kubokunda komanda hesabı olmayacaq. Marina Nekrasova bütün 4 alətdə çıxış nümayiş etdirəcək, Yuliya İnşina 3 növdə - müxtəlif hündürlüklü qollar, gimnastika tiri və sərbəst hərəkətlər, Mariya Smirnova isə dayaqla tullanma hərəkətlərini nümayiş etdirəcək”.

Baş məşqçi əlavə edib ki, qarşıda Azərbaycan gimnastlarını Dünya Kubokunun daha bir mərhələsi, Rio-de-Janeyroda test turniri və Avropa çempionatı gözləyir.

AZƏRTAC

Xəbər 590 dəfə oxundu.