Bizim lisenziyaçılar: Hədəfə çatmaq üçün xəyallardan əl çəkən çempion
Mübarizənin tikanlı yolları

Bəşər övladı dünyaya gəldiyi gündən həyatla mübarizə aparır. Bəli, həyat mübarizə meydanıdır, bəlkə də bunsuz olduqca cansıxıcı görünər. Bəzən yüksək nailiyyətlərə sahib olmaq üçün bir çox arzu və istəklərdən keçməli olursan. Hətta uşaq olsan belə.

Uşaqlıq həvəs və istəklərindən imtina edən və bu gün yüksək nailiyyətlər əldə edən Fəridə Əzizova 6 yaşından taekvondo ilə məşğul olmağa başlayıb. Ayağında qan dövranı ilə bağlı problem səbəbindən həkimlərin məsləhəti ilə, onu idmana gətirib və beləcə, onun gələcək uğurlarının təməli qoyulub.

Dayanq ilk dəfə gücünü taekvondoya gəlişindən üç ay sonra sınayıb. Müəllimi Fəridənin cəldliyini, sürətini və mübarizliyini görərək, ona respublika çempionatına çıxmağı məsləhət görüb. Özündən yaşca böyüklərlə meydanda qarşılaşan idmançı birinci yarışında məğlub olmasına baxmayaraq, yenicə qədəm atdığı bu yolda ümidsizləşmir. Yarışlara inamla hazırlaşan gənc qız iki ildən sonra yeniyetmələrin respublika çempionatında uğurla mübarizə. Ölkədən kənarda isə ilk qələbəsini 2007-ci ildə Budapeştdə qazanır - bürünc medal.

12 yaşlı yeniyetmə Avropa birinciliyində qazandığı bu yüksək nailiyyətə sevinə bilməyib, hətta göz yaşları axıdıb. Məyusluğunun səbəbi isə ilk məşqçisinə çempion olacağı ilə bağlı verdiyi vəd olub. Çempionluğa gedən yolda büdrəməsi sonrakı yarışlara daha diqqətlə yanaşmağa sövq edib - bu yarışı həmişə gözü önünə gətirib və səhvlərdən nəticə çıxarıb.

Çox keçmir Taekvondo Federasiyasından Məmməd Abdullayev Fəridəni Qusardan Bakıya dəvət edir. Anası buna etiraz etsə də, sonda valideynləri onun taekvondoya sevgisi qarşısında tab gətirməyib, qızlarının istək və arzusunun reallaşacağı ünvana doğru getməyinə icazə veriblər. Elə o gündən ailədən uzaq yaşayan Fəridə bugünkü qələbələrinə, valideynlərinin ona sonsuz güvənci sayəsində nail olduğunu deyir.
O, hər zaman məsuliyyətini dərk edib, bu inamı qorumağa çalışıb və uğurlar əldə etmək üçün vaxtını hədər yerə sərf etməyib. Fasiləsiz məşqlər ona, cəmi 14 yaşda qitə birinciliyinin çempionluq sevincini yaşadıb. Daha sonra ən parlaq qələbələrini Şarm əl Şeyxdə (2012-ci il) və Kişinyovda (2013-cü il) ikiqat Avropa və dünya çempionu titullarına sahib olmaqla qazanıb. Bu, Fəridənin arzularının çiçəkləməyə başladığı ən gözəl illər idi.

Şərq döyüş növü getdikcə bu cəsur qızın həyatının mənasına çevrilir. Fəlsəfəsi ideal insan yetişdirmək olan bu idman növündə, əsasən, nəzakət prinsiplərinə vurğun olan taekvondoçu, bəzi idmançı dostlarından fərqli olaraq, heç kimi kumiri hesab etmir. Səbəb isə meydanda rəqiblərə qarşı inamlı mübarizəsidir və bununla örnək olub, gənc nəslin ondan nümunə götürməsini istəyir. Arzulayır ki, kumir hesab ediləcək qədər layiqli idmançı olsun və öz uğur tarixini yazsın.

Bu gün əldə etdiyi uğurlara yaşıdlarının həsəd apardığı 20 yaşlı gənc etiraf edir ki, zirvəyə gedən yolun yolçuları çox böyük çətinliklər dəf etməlidirlər: "Kimsə məqsədinə çatmaq istəyirsə, batan tikanı gül kimi qoxlaya bilməli, bu mübarizə yolunda ancaq uğur qazanmağı, yüksək pillələrə qalxmağı düşünməlidir".

Hələ çox arzusu olduğunu vurğulayan Fəridə deyir ki, bir insanın haqlamaq istədiyi hədəflər yoxdursa, tək idman deyil, heç bir sahədə irəli gedə bilməz.

Hədəfsiz insan çalışmaqdan zövq ala bilməz. Ən böyük hədəfi isə dörd dəfə məğlub olduğu rusiyalı Anastasiya Barişnikovanı, nəhayət, Rio olimpiadasında məğlub etməkdir.

Fəridənin üstün keyfiyyətlərindən biri bütün rəqibləri ilə dost olması və hətta məğlubiyyətdən sonra onlara azarkeşlik etməsidir. Kin saxlamağı xoşlamır. "Meydan başqa, dostluq başqa", - deyir. Ona irad tutanlar da olur. "Rəqiblərinə çox mülayimsən", deyirlər. Ümumiyyətlə, o, yalnız təmiz döyüşü sevir. Fəridə "Yarışda udan və uduzan tərəfin olması adi haldır və bunlar şəxsi münasibətlərə təsir etməməlidir", - deyir.

İlk dəfə iştirak etdiyi olimpiada - "London-2012"ni karyerasının ən yaddaqalan yarışı hesab edir. O zaman cəmi 17 yaşı var idi. Olimpiadada ani diqqətsizlik üzündən medaldan məhrum olmuşdu. Bu səhvi düzəltmək üçün isə yenidən olimpiadaya qatılmaq lazım idi.

XXXI Yay Olimpiya Oyunlarına birbaşa lisenziya xarakterli İstanbul turnirində o, almaniyalı Rəbiyə Güleçə 1:0 hesabı ilə qalib gələrək, dövlət himnimizi səsləndirməklə yanaşı, Rioya lisenziya da qazandı.

Kimliyindən asılı olmayaraq, hər bir idmançının ən böyük arzusu ölkəmizə olimpiya medalı gətirməkdir. Fəridə rəqiblərini yaxşı tanıdığından onların üstün keyfiyyətlərini yaxşı bilir. Buna baxmayaraq, o qalib gələcəyinə inanır.

Doğrudur, heç bir şey əlçatmaz yüksəklikdə deyil, nəyisə əldə etmək üçün yetər ki, insan onu ürəkdən istəsin.

Aynurə PƏNAHQIZI

Xəbər 917 dəfə oxundu.