Milli Olimpiya Komitəsində Beynəlxalq Multikulturalizm qış məktəbinin iştirakçıları ilə görüş keçirilib
Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə fevralın 15-də Beynəlxalq Multikulturalizm qış məktəbinin iştirakçıları ilə görüşüb. Qış məktəbi Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Azərbaycan Respublikasının Prezidenti yanında “Bilik” Fondu və Bakı Slavyan Universiteti tərəfindən təşkil edilib.

Ç.Hüseynzadə görüş iştirakçılarına MOK-un tarixi, inkişafı və fəaliyyəti barədə məlumat verərək bildirilib ki, müstəqilliyin ilk illərində siyasi və iqtisadi vəziyyətin gərgin olması səbəbindən Azərbaycan idmanı ağır dövr yaşayıb. Ölkə rəhbərliyi idman infrastrukturunu dirçəltmək üçün böyük işlər görüb. İdmançı və məşqçilərə hər cür diqqət və qayğı göstərmək, yeni idman obyektləri inşa etmək, idmanı təbliğ edən tədbirlər keçirmək dövlətimizin daxili siyasətinin prioritet istiqamətlərindən biridir. Azərbaycanda Olimpiya hərəkatı sürətlə inkişaf edir. Azərbaycan idmançılarının iri beynəlxalq yarışlarda qələbələrinin sayının artması, bir çox əhəmiyyətli yarışların məhz ölkəmizdə keçirilməsi, beynəlxalq idman strukturlarının həmin tədbirlərin təşkilatçılıq səviyyəsini yüksək qiymətləndirməsi bunu sübut edir.

Ç.Hüseynzadə xatırladıb ki, ötən il Bakıda tarixdə ilk dəfə Avropa Oyunları keçirilib. Onun fikrincə, bu Oyunlar müxtəlif dövlətlər və xalqlar arasında ziddiyyətləri yumşaltmağa xidmət edib. Ç.Hüseynzadə deyib: “İdman müxtəlif mədəniyyətlərin və dillərin nümayəndələrini bir araya gətirmək vasitəsidir”.

MOK-un vitse-prezidenti qeyd edib ki, Olimpiya çempionları olan Azərbaycan idmançıları arasında ölkəmizdə yaşayan başqa xalqların nümayəndələri – ruslar, ukraynalılar, tatarlar, osetinlər və s. də var. Bu da Azərbaycan idmanında etnik və ya hər hansı digər əlamətə görə ayrı-seçkiliyin olmadığını növbəti dəfə sübuta yetirir. Ç.Hüseynzadə vurğulayıb ki, Azərbaycan çoxmillətli ölkədir, burada dini zəmində münaqişələr yoxdur və heç vaxt da olmayıb. Burada yaşayan xalqların nümayəndələri ölkə və cəmiyyət həyatının bütün sahələrində bərabər iştirak edirlər. O bildirib ki, Azərbaycan başqa dövlətlərlə dostluq münasibətlərinin, o cümlədən idman sahəsində münasibətlərin möhkəmlənməsinə xüsusi diqqət yetirir. Məsələn, Gürcüstanda qadınlar arasında voleybolun inkişafına dəstək göstərmək üçün qonşu ölkənin komandası qarşıdan gələn Azərbaycan çempionatında iştirak edəcək, habelə bu yarışın bir turu Tbilisidə keçiriləcək.

Sonra Ç.Hüseynzadə görüş iştirakçılarının suallarına cavab verib.

Qeyd edək ki, Beynəlxalq Multikulturalizm qış məktəbində Rusiya, İsveçrə, Ukrayna, Türkiyə, İtaliya, Portuqaliya, Polşa, Çexiya, Gürcüstan, Belarus, Bolqarıstan, Litva, İndoneziya, Yaponiya və Almaniyadan 43 tələbə, Azərbaycan universitetlərindən 12 tələbə, habelə yerli və əcnəbi mütəxəssislər iştirak edirlər.

Xəbər 1137 dəfə oxundu.