Bakıda kikboksinq üzrə XXII Azərbaycan çempionatı və kadetlər arasında ölkə birinciliyi start götürüb
Fevralın 15-də Bakı İdman Sarayında “Narkomaniya və uşaq cinayətkarlığına qarşı” devizi altında kikboksinq üzrə XXII Azərbaycan çempionatı və kadetlər arasında ölkə birinciliyi start götürüb.

Çempionatın keçirilməsində məqsəd bu il Avropa çempionatının beynəlxalq və peşəkarlar arasında turnirlərində iştirak edəcək milli komandanın tərkibini müəyyənləşdirməkdir. Eyni zamanda, cəmiyyətdə vətənpərvərlik ruhunu gücləndirmək, gəncləri narkomaniyadan və digər pis vərdişlərdən uzaq tutmaqdır.

Mərasimdə çıxış edən Azərbaycan Kikboksinq Federasiyasının prezidenti Adil Əliyev ölkəmizdə idmana göstərilən dövlət qayğısından danışıb, atletlərimizin beynəlxalq arenalarda qazandıqları nailiyyətləri yüksək qiymətləndirib. A.Əliyev bildirib ki, gənclərin idmana cəlb olunması, habelə ölkəmizdə peşəkar kikboksinq yarışlarının keçirilməsi bu il də davam etdiriləcək.

Gənclər və İdman nazirinin müavini İsmayıl İsmayılov respublikamızın mötəbər yarışlara yüksək səviyyədə ev sahibliyi etdiyini diqqətə çatdıraraq iştirakçılara uğurlar arzulayıb. Ötən il Azərbaycanda birinci Avropa Oyunlarının yüksək səviyyədə keçirildiyini vurğulayan nazir müavini deyib ki, bu il ölkəmizdə “Formula-1” üzrə Avropa Qran-pri yarışı, Şahmat Olimpiadası, gələn il isə IV İslam Həmrəylik Oyunları təşkil olunacaq.

Sonra Federasiyanın baş katibi Oruc Məmmədli turniri açıq elan edib.

Daha sonra mərasim bədii hissə ilə davam etdirilib.

Üç gün davam edəcək yarışlara 30 rayonda fəaliyyət göstərən 45 klubu təmsil edən 600-a yaxın idmançı qatılıb. Qaliblər fevralın 17-də müəyyənləşəcək.

Xəbər 1486 dəfə oxundu.