Azərbaycan Premyer Liqasında XXI tura iki oyunla start veriləcək
Bu gün Azərbaycan Premyer Liqasında XXI tura start veriləcək.

Turun qarşılaşmaları üç gün ərzində keçiriləcək. İlk oyun günündə iki görüş baş tutacaq. Hər iki matç paytaxtda oynanılacaq.

Əvvəlcə AZAL komandası doğma meydanda “İnter”i qəbul edəcək. Ötən tur “Qəbələ”yə məğlub olaraq beşınci pilləyə geriləyən “İnter” səfər qarşılaşmasında üç xal qazanmaq əzmindədir. AZAL da ötən oyunu məğlub tərk edib. Tərlan Əhmədovun yetirmələrinin də Avropa kuboklarda oynamaq şansı olduğundan öz meydanlarında mütləq xal qazanmalıdırlar.

Günün digər prinsipial qarşılaşması isə “Bakcell Arena”da “Neftçi” ilə “Xəzər-Lənkəran” komandaları arasında oynanılacaq. Bir neçə il öncəyə kimi hədəf olaraq yalnız yüksək yerlər uğrunda mübarizə aparan komandaların budəfəki mövqeləri də fərqlidir. “Neftçi” autsayder “Xəzər-Lənkəran”ı paytaxtdan əliboş yola salmaq niyyətindədir. Cari mövsüm böyük iddiaları olmayan Lənkəran təmsilçisi isə mükafat arzusunda mübarizə aparan paytaxt təmsilçisindən xal qoparmağa çalışacaq. Doqquz turda qol vura bilməyən və qələbə qazanmayan “Xəzər-Lənkəran” uğursuz seriyaları dayandırmaq arzusundadır.

Xəbər 648 dəfə oxundu.