“İnter”in müdafiəçisi 1 aydan sonra sıraya dönəcək
“İnter” klubunun gürcüstanlı futbolçusu İlya Kandelaki cərrahiyyə əməliyyatı olunub. İdman.com.az saytının məlumatına görə, bu haqda apasport.az-a komandanın baş meneceri Səbuhi Səfiyarlı məlumat verib.

“Heyətlə bağlı yeganə problemimiz Kandelakinin uzun müddətə sıradan çıxmağıdır. İlya gözlənilmədən xəsarət aldı, zədəsi bir növ sürpriz oldu. Belə ki, 2 futbolçumuz məşqdə toqquşanda, onlardan birinin başı kənarda dayanan Kandelakinin burnuna dəydi. Nəticədə sonuncu ciddi xəsarət aldı” – deyə, baş menecer bildirib.

Həmkarımız, 2010-cu ilin yayından “İnter”in şərəfini qoruyan sol cinah müdafəçisinin 1 aydan sonra oynayacağını söyləyib: “O, əməliyyat olunmaq üçün yollandığı Tiflisdə bərpa prosesi keçəcək. Müayinənin nəticəsindən asılı olaraq, İlyanın düşərgəmizə qayıdışı müəyyənləşəcək. Futbolçumuzun 3 həftədən sonra məşqlərə başlayacağı gözlənilir. Bu, daha tez ola, yəni Kandelaki yaxın vaxtda qaçmaqla fərdi məşq edə bilər. Ancaq belə hava şəraitində risk etməyə dəyməz”.

Komandanın gürcü baş məşqçisi Kaxaber Sxadadzenin həmyerlisini qarşıdakı 1 ayda, yəni “altılığ”a qədər kiminlə əvəzləyəcəyi maraq doğurur. Bu mənada “İnter”in qış fasiləsində yeganə transferi olan Əziz Quliyev mütəxəssisin işinə yaraya bilər: “Bildiyiniz kimi, Əziz müdafiənin sol cinahında oynaya bilər. Bundan əlavə, baş məşqçimiz Kandelaki olmadığı vaxtda müdafiənin sol cinahında Arif Daşdəmirovu oynadıb və bu, pis alınmayıb”.

Xəbər 1121 dəfə oxundu.