Azərbaycanda Paralimpiya hərəkatının 20 illiyi qeyd olunub
Azərbaycanda Paralimpiya hərəkatının 20 illiyinə həsr olunmuş yubiley tədbiri keçirilib.

Tədbirdə respublikamızın dövlət və hökumət xadimləri, idman ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Mərasim dövlət himninin səsləndirilməsi ilə başlayıb.

Milli Paralimpiya Komitəsinin prezidenti İlqar Rəhimov çıxış edərək yubiley münasibətilə və hərəkatın inkişafında xidmətlərinə görə, paralimpiyaçılarımızın böyük bir qrupunun dövlət mükafatları ilə təltif etməsi ilə bağlı dövlətimizin başçısı İlham Əliyevə kollektiv adından təşəkkürünü bildirib. “Paralimpiyaçılarımız onlara göstərilən qayğını daim hiss edirlər, onların sosial vəziyyəti yaxşılaşır, idmançılar və məşqçilər mənzillərlə, eləcə də minik avtomobilləri ilə təmin edilirlər. Belə bir qayğının nəticəsidir ki, Azərbaycan idmançıları son beş Yay Paralimpiya Oyunlarında 27 medala, o cümlədən 8 qızıl medala sahib olublar”, - deyə İlqar Rəhimov bildirib.

Milli Paralimpiya Komitəsinin himninin təqdimatından sonra gənclər və idman naziri Azad Rəhimov tədbir iştirakçılarını təbrik edib. Azərbaycanda idman ənənələrinin zənginləşdirilməsində paralimpiyaçıların rolunu yüksək qiymətləndirib. O, dövlətimizin başçısı İlham Əliyevin Sərəncamı ilə komitənin prezidenti İlham Rəhimovun 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunduğunu xatırladıb və mükafatı sahibinə təqdim edib.

Daha sonra yubiley mərasimində çıxış edən əmək və əhalinin sosial müdafiə naziri Səlim Müslümov ölkəmizdə Paralimpiya hərəkatının minlərlə idmançını birləşdirdiyini qeyd edib. Onlara yüksək səviyyədə göstərilən diqqət və qayğının müxtəlif nailiyyətlərdə öz əksini tapdığını söyləyib. Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə Beynəlxalq Paralimpiya Komitəsinin prezidenti Filip Kreven “Dostluq” ordeni ilə təltif olunmasını bir daha diqqətə çatdırıb. Mükafat sahibinə təqdim olunub.

Filip Kreven belə bir şərəfə layiq görüldüyü üçün iftixar duyduğunu deyib, Azərbaycan paraolimpiyaçılarına gələcək yarışlarda daha böyük uğurlar arzulayıb. O, Beynəlxalq Paralimpiya Komitəsinin xatirə hədiyyəsini İlqar Rəhimova təqdim edib.

Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının rektoru Fuad Hacıyev Elmi-Şuranın qərarı ilə Filip Krevenə ali məktəbin Fəxri doktoru elmi dərəcəsinin verildiyini elan edib.

Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə paralimpiyaçılarımızın artıq cəmiyyətimizin tam hüquqlu üzvləri kimi öz yerlərini təsdiqlədiklərini qeyd edib. Bu hərəkata vaxtilə ulu öndər Heydər Əliyev böyük önəm verdiyini, paralimpiyaçıların qələbələrinin əsl igidlik və fədakarlıq nümunəsi kimi qiymətləndirildiyini xatırladıb.

Tədbir konsert proqramı ilə davam edib.

Xəbər 1179 dəfə oxundu.