Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin yaradılmasından 20 il ötür
Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin yaradılmasından 20 il ötür. 1996-cı il fevralın 9-da Milli Paralimpiya Komitəsinin təsis konqresi keçirilib və İlqar Rəhimov qurumun prezidenti seçilib.

Azərbaycan Milli Paralimpiya Komitəsinin komandası ilk dəfə 1996-cı ildə Atlantada keçirilən X Yay Paralimpiya Oyunlarında iki idmançı ilə təmsil olunub. 2000-ci il Sidney Yay Paralimpiya Oyunları ərəfəsində ümummilli lider Heydər Əliyevin idmançılarımızın Olimpiadaya yola salınması mərasimində iştirakı və Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin idmançılarla görüşməsi, həmin ərəfədə Ulu Öndərin paralimpiyaçılarımız üçün Sumqayıtda yeni, beynəlxalq standartlara cavab verən Paralimpiya İdman Kompleksinin tikilməsi haqqında Sərəncam imzalanması ölkəmizin idman həyatında mühüm uğurların qazanılmasına təkan verdi. Həmin dövrdən ölkədə paralimpiya hərəkatı daha sürətli inkişaf yoluna qədəm qoydu.

2008-ci il avqustun 28-də Sumqayıtda Paralimpiya İdman Kompleksinin açılış mərasimi keçirilib. MDB məkanında ilk dəfə olaraq, paralimpiyaçılar üçün beynəlxalq standartlara uyğun tikilən kompleks bu sahəyə göstərilən diqqətin daha bir nümunəsi oldu. Təsadüfi deyil ki, açılış mərasimində dövlətimizin başçısı İlham Əliyev və Azərbaycanın birinci xanımı Mehriban Əliyeva da iştirak etmişdilər.

Paralimpiyaçılarımız Azərbaycan Prezidentinin onlara göstərdiyi diqqət və qayğını daim öz üzərində hiss ediblər. Beynəlxalq yarışlarda qələbə qazanmış idmançılar, məşqçilər Prezidentin sərəncamları ilə orden və medallarla təltif olunurlar. Paralimpiyaçıların sosial durumu yaxşılaşdırılır, onlar mənzillər, minik avtomobilləri ilə təmin edilirlər.

Hazırda Paralimpiya Komitəsi yüzlərlə idmançını sıralarında birləşdirir. Görülmüş məqsədyönlü işlərin nəticəsi olaraq, Milli Paralimpiya Komitəsinin idmançıları 1996-cı ildən başlayaraq mühüm qələbələr qazanmaqda davam edirlər.

Xəbər 786 dəfə oxundu.