“Neftçi”-“Rəvan” görüşündə qalib müəyyənləşməyib
Fevralın 5-də futbol üzrə Azərbaycan Premyer Liqasının XX turuna start verilib.

Turun ilk oyun günündə bir qarşılaşma keçirilib. Günün yeganə görüşündə paytaxtın iki komandası – “Neftçi” və “Rəvan” üz-üzə gəlib. Komandalar bu günədək ölkə çempionatında on dəfə qarşılaşıb. Bu oyunların səkkizində Əsgər Abdullayevin yetirmələri, ikisində isə “Rəvan” qələbəyə sevinib. İndiyədək cütlüyün oyununda heç-heçə qeydə alınmasa da, bu dəfə tərəflər sülhə razılaşıblar.

Hər iki qol ikinci hissəyə təsadüf edib. Əvvəlcə qonaq komanda 48-ci dəqiqədə Ceyhun Abdullayevin qolu ilə sevinib – 0:1. Jairo Filyo Rodriqes qarşılaşmanın 83-cü dəqiqəsində “Neftçi”nin bərabərlik qolunu vurub - 1:1.

Beləliklə, “Neftçi” klubu aktivinə bir xal əlavə etməklə xallarının sayını iyirmi səkkizə çatdırıb. “Rəvan” isə səkkiz xalla autsayderliyini davam etdirir.

Xəbər 756 dəfə oxundu.