Sumqayıtda futbolun inkişaf etdirilməsi məsələləri müzakirə olunub
Sumqayıtda fəaliyyət göstərən futbol komandalarının, idman məktəblərinin nümayəndələri, futbol məşqçiləri və klub rəhbərləri ilə Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) baş katibi Elxan Məmmədovun görüşü keçirilib.

Tədbir Sumqayıt şəhərindən Milli Məclisə deputat seçilmiş Muxtar Babayevin və Tahir Mirkişilinin təşəbbüsü ilə reallaşıb.

Şimal Regional Futbol Federasiyası (ŞRFF), “Sumqayıt” peşəkar futbol klubu, şəhər gənclər və idman baş idarəsi nümayəndələrinin də iştirak etdikləri tədbirdə çıxış edən “Azərikimya” İstehsalat Birliyinin Müşahidə Şurasının sədri, deputat Muxtar Babayev görüşün məqsədi haqqında məlumat verib.

AFFA-nın baş katibi Elxan Məmmədov son illərdə Azərbaycanda futbolun inkişafı ilə bağlı görülən işlərdən, həyata keçirilən tədbirlərdən və qarşıda duran vəzifələrdən danışıb. O, bölgələrdə, o cümlədən Sumqayıtda futbolun inkişafına yeni təkan vermək, idmanın bu növünün kütləviliyini artırmaq məqsədilə AFFA tərəfindən xüsusi proqramın hazırlanaraq həyata keçirildiyini vurğulayıb.

Sonra Elxan Məmmədov idmançıların və KİV nümayəndələrinin şəhərin futbol infrastrukturunun mövcud vəziyyəti, uzun illər fəaliyyətsiz qalan idman zallarının təmir edilərək istifadəyə verilməsi və digər məsələlərə dair suallarını cavablandırıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Xəbər 779 dəfə oxundu.