“Moskva Open-2016” beynəlxalq şahmat festivalında təmsilçilərimiz növbəti oyunlarını keçiriblər
“Moskva Open-2016” beynəlxalq şahmat festivalı davam edir.

Yarışda 33 ölkədən, ümumilikdə mindən artıq şahmatçı qələbə uğrunda mübarizə aparır. Ölkəmizi festivalın müxtəlif turnirlərində 20 şahmatçı təmsil edir.

Festival çərçivəsində beşinci turda “A” turnirində iştirak edən Ülvi Bacarani Kuba təmsilçisini məğlub edərək aktivinə 4 xal yazıb. Günay Məmmədzadə isə Rusiya təmsilçisi Oleq Badmatsirenova məğlub olub. Məhəmməd Muradlı, Andrey Mustafin, Əhməd Əhmədzadə də bu turda məğlubiyyətlə üzləşib. Vüqar Əsədli və Aqil Pirverdiyev yerli şahmatçılar-Ruslan Tleptsok və İlya Makoveyev üzərində qələbə qazanıblar. Ramil Əlləcov ukraynalı İlia Dereviançenko, Aydın Süleymanlı isə rusiyalı Aleksey Mokşanovla xalları yarı bölüb.

“B” turnirində mübarizə aparan təmsilçimiz Xanım Balacayeva beşinci turda Rusiya təmsilçisi Tatiana Kliçkovaya məğlub olub.

“C” turnirində iştirak edən Atilla Eynullayev yerli şahmatçı İldar Sapfiullinlə sülh bağlayıb. Sədaqət Abbasova Nikolay Şirsov üzərində qələbə qazanıb. Fərid Mustafayev Renat Semenovu məğlub edib.

Doqquz yaşadək qızların yarışında isə 6-cı turun oyunları başa çatıb. Altıncı turda həmyerlilərimiz Aydan Şükurova və Səmra Qasımova üz-üzə gəliblər. Qarşılaşma Səmra Qasımovanın xeyrinə başa çatıb.

Yarış fevralın 6-da başa çatacaq.

Xəbər 874 dəfə oxundu.