Boksçularımız beynəlxalq turnirə uğurla başlayıblar
Macarıstanın Debretsen şəhərində boks üzrə beynəlxalq turnirə start verilib.

Yarışın ilk günündə rinqə çıxan beş boksçumuzdan yalnız Rüfət Hüseynov (49 kq) uduzub. Həmyerlimiz Böyük Britaniya təmsilçisi Yafali Galala 0:3 hesabı ilə məğlub olub.

Rio Olimpiadasına lisenziya qazanan Albert Səlimov (60 kq) Türkiyə boksçusu Hakan Doğanı mübarizədən kənarlaşdırıb - 3:0. A.Səlimov növbəti mərhələdə Avropa Oyunlarında məğlub etdiyi fransalı Sofian Oumiha ilə üz-üzə gələcək.

Kamran Şahsuvarlı (75 kq) da növbəti mərhələyə yüksəlib. Millimizin üzvü mavrikiyalı Kleir Mervendən üstün olub - 3:0. Həmyerlimiz növbəti mərhələdə norveçli Martin Larsenlə döyüşəcək.

Avropa Oyunlarının bürünc mükafatçısı Tayfur Əliyev (56 kq) ilk görüşdə Mərakeşi təmsil edən Mumammed Hamout üzərində qələbə qazanıb - 2:1. Boksçumuzun növbəti rəqibi iordaniyalı Muhammed Alşadi olacaq.

Millimizin Kuba əsilli boksçusu Lorenzo Sotomayor (64 kq) da Debretsendə ilk görüşünü qələbə ilə başa vurub. Avropa Oyunlarının qalibi çexiyalı Erik Aqateljandan güclü olub - 3:0. L.Sotomayoru növbəti mərhələdə Böyük Britaniya təmsilçisi Prise Elfi gözləyir.

Qeyd edək ki, turnirə komandamız 7 idmançı ilə qatılıb.

Xəbər 857 dəfə oxundu.