Cihan Özqara: “Əsas milil komandaya layiq olmaq istyirəm” - MÜSAHİBƏ
Türkiyənin “Sivasspor” klubunun, eləcə də futbol üzrə gənclərdən ibarət Azərbaycan yığmasının hücumçusu Cihan Özqara azerisport.az saytına müsahibə verib. İdman.com.az saytının məlumatına görə, həmkarımızla söhbətdə o, ötən gün baş tutmuş “Beşikdaş”la Superliqa matçından, eləcə də millimizdəki gələcək perspektivindən danışıb.

- Evdə “Beşikdaş”la heç-heçəyə (1:1) nail oldunuz. Bunu uğurlu nəticə saymaq olar?
- Xeyr. Biz avrokuboklara vəsiqə uğrunda mübarizə aparırıq. Bizim üçün evdə istənilən xal itkisi arzuolunmaz hesab olunur. Kimlə oynamağımızdan asılı olmayaraq, bu, belədi. Baxmayaraq ki, son oyunda biz cavab qolunu son dəqiqələrdə vura bildik.

- Bəs bu qolun məhz siz meydana çıxandan sonra vurulması sevindirmirmi?
- Əlbəttə, mən vurulan qolda iştirak etməsəm də, hesabı bərabərləşdirməyimiz hamı kimi, məni də sevindirdi. Ümumiyyətlə, Ermanın qolu çox gözəl alındı. O, növbəti dəfə fərdi ustalığını nümayiş etdirdi.

- Yeri gəlmişkən, mövsümün əvvəli ilə müqayisədə artıq daha çox meydana çıxırsız. Hətta “Bursaspor”a vurduğunuz qol sizə qələbə qazandırdı...
- Düzdüd, qolu penaltidən vurdum. Amma bu, çox vacib bir səfər qələbəsi idi. Mən indi daha çox son 10-15 dəqiqədə meydana çıxıram. Lakin bunun hələ başlanğıc olduğunu düşünürəm. Gələcəkdə əsas heyətdəki yerimi möhkəmləndirmək istəyirəm.

- Komandanız ilk altılıqda çox inamlı təsir bağışlayır...
- Bu, bizi mövsümün sonu üçün daha yüksək hədəflərə çatmağa həvəsləndirir. Qarşıdakı dörd turda bizi “Fənərbağça”, “Qalatasaray” və “Trabzonspor” kimi klublarla oyunlar gözləyir. Bu görüşlərdən çox şey asılı olacaq.

- Sizin “Sivasspor”dakı hazırkı çıxışınız Azərbaycanın əsas yığmasına dəvət almağınıza şərait yarada bilər?
- Ümid edirəm ki, elə də olar. Bu il mənim 21 yaşım tamam olacaq. Gənclərdən ibarət yığmalar arasında hazırkı seçmə mərhələ mənim karyeramda sonuncu olacaq. Buna görə də əsas komanda oynamağın vaxtıdır.

- Nəzərə alsaq ki, Vaqif Cavadov baş məşqçi Berti Foqts tərəfindən yığmaya çağırılmır, sizin əsas millidə peyda olmağınız tam mümkün görünür...
- Onların arasında nə baş verdiyini bilmirəm. Amma mən eşitmişəm ki, almaniyalı mütəxəssis çox prinsipial adamdı. Digər tərəfdən, mən istəməzdim ki, yığmaya başqa futbolçu cəzalı olduğu üçün çağırılım. Buna layiq olmaq istəyirəm.

Xəbər 1273 dəfə oxundu.