Voleybol üzrə Biləsuvar rayon məktəblərarası birinciliyinə start verilib
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun 7-ci qrant müsabiqəsində qalib olan “Voleybol–bizimlə sağlam ol!” layihəsi çərçivəsində Biləsuvar rayon məktəblərarası birinciliyinə start verilib.

Yarışın açılışında Biləsuvar Rayon İcra Hakimiyyətinin nümayəndəsi Kamil Qurbanlı və “Voleybol–bizimlə sağlam ol!” layihəsinin həyata keçirilməsinə kömək etmiş rayon Gənclər və İdman İdarəsinin rəisi Aqşin Bağırov iştirak ediblər.

Layihənin rəhbəri Sənan Mənsimli və açılışda iştirak edən qonaqlar bu cür layihələrin rayon gənclərinin idmanın voleybol növünə maraqlarının artmasında, onların asudə vaxtlarının və sosial həyatının daha səmərəli keçirilməsində böyük rol oynayacağını qeyd ediblər.

Sonra layihə təşkilatçıları, qonaqlar və birincilikdə iştirak edən komandaların oyunçuları tərəfindən Azərbaycanın dövlət himni səsləndirilib və yarış açıq elan olunub.

Birinciliyin ilk oyunları çox maraqlı və sağlam mübarizə şəraitində keçib. İlk görüşün qalibləri növbəti mərhələyə keçiblər.

Qeyd edilib ki, sonda qalib olan iki ən güclü komandaya Gənclər Fondunun dəstəyi ilə layihə çərçivəsində kubok, diplomlar və digər hədiyyələr təqdim olunacaq.

Xəbər 657 dəfə oxundu.