Cənubi Koreya Rio Olimpiya Oyunlarının medal cədvəlində ilk onluqda yer almağa iddialıdır
Rio Yay Olimpiya Oyunlarına sayılı aylar qalır. Cənubi Koreyalı atletlər Olimpiya Oyunlarına böyük əzmlə hazırlaşırlar. Koreyanın Milli Treninq Mərkəzinin rəhbəri Conq-sam Çoi komandanın hazırlığı barədə ətraflı məlumat verərək deyib: “Yarışlarda iştirak edəcək hər bir atletin yüksək peşəkarlıqla hazırlanması üçün hər cür şərait yaradılıb”.

İdmançılar medal cədvəlində Cənubi Koreya Respublikasının adını ilk onluğa salmağa iddialıdırlar. Niderlandlı mütəxəssislərin rəyinə görə, koreyalı atletlər Rio Yay Olimpiya Oyunlarında 12 qızıl medal qazana bilərlər. Cənubi Koreya idmançıları hər zaman kamandan oxatmada böyük uğura imza atıblar. 1972-ci ildən indiyədək atletlər bu idman növündə 19 qızıl medal qazanıblar. Ən böyük uğur isə London Olimpiya Oyunlarında qeydə alınıb. Milli Kamandan Oxatma Federasiyasının rəhbəri Moon Hyunq-çhul koreyalı idmançıların bu idman növü üzrə yenə qızıl medala sahib olacaqlarını əminliklə qeyd edib: “Biz sonuncu məşqləri keçirmək üçün Rioya gəldiyimiz zaman əvvəlki Olimpiya Oyunlarında olan bəzi çatışmazlıqları və uğursuzluqları aradan qaldırmağa çalışdıq. London Oyunlarında yerli iqlim və digər səbəblər idmançılarımızın daha yüksək nəticə əldə etməsinə mənfi təsir göstərdi. Lakin biz çox iddialıyıq və ən azı sonuncu uğurumuzu bir daha təkrarlayacağımıza inanırıq”.

Daha bir koreyalı atlet Lee Dae-hoon taekvando üzrə qızıl medal qazanacağına əmindir. Xarici və beynəlxalq ekspertlər, eləcə də Beynəlxalq Taekvando Federasiyası onun bacarıq və qabiliyyətini nəzərə alaraq Rio Oyunlarında qızıl medala potensial namizəd olacağını bildirirlər. İyirmi üç yaşı olmasına baxmayaraq, 58 kiloqram çəki dərəcəsində yarışacaq idmançı hər bir rəqibini maneəsiz dəf etmək bacarığına malikdir. London Olimpiya Oyunlarında gümüş medal qazanmasını şərh edən idmançı bildirib: “Mən bu nəticəyə heç də təəssüflənmirəm. Özümü tam göstərə bilmədim. Əslində, bu medal məni daha da ruhlandırdı. Mən mümkün olan ən yüksək səviyyəni göstərməyə çalışacağam”.

Koreyalı idmançılar London Olimpiya Oyunlarında qılıncoynatmada möhtəşəm və inanılmaz bacarıq nümayiş etdirməklə, hər kəsi təəccübləndirdilər. Bu idman növündə iki qızıl, bir gümüş və üç bürünc medal qazanan koreyalı atletlər adlarını tarixə yazdırdılar.

Qılıncoynadan gənc xanım atlet Kim Ji-yeon London uğurunu bir daha təkrarlayacağını və dünyanın diqqətini yenidən özünə yönəldəcəyini qürurla qeyd edir: “Mən rəqiblərimin çıxışlarını dəfələrlə izləyir və onların atdıqları hər bir addımı öyrənirəm. Bu, mənim daha yüksək nəticə göstərməyimə yardımçı olacaq”.

Qılıncoynatmada daha bir inanılmaz nəticə göstərən koreyalı atlet Qu Bon-gil meydanda fərqli yanaşma təqdim edərək dünya ekspertlərinin onun barəsində danışmasına nail ola bilib.

Koreyalı idmançılar cüdo idmanında da olduqca uğurlu çıxış edirlər. Beynəlxalq Cüdo Federasiyasının dəyərləndirməsinə əsasən, Gvak-Dong-han 90 kiloqram çəki dərəcəsində rəqib tanımır. O bildirib ki, özünü beynəlxalq arenada hələ tam göstərə bilməyib. “Uğurumu bir daha təkrarlamaq üçün əlimdən gələni edəcəyəm. Beləliklə, Rio Olimpiya Oyunları ilə idman karyerama son qoyacağam”, - deyə Gvak-Dong-han qeyd edib.

AZƏRTAC

Xəbər 776 dəfə oxundu.