Azərbaycan millisinin mübarizə aparacağı futzal üzrə Avropa çempionatı başlayır
Bu gün Serbiyanın paytaxtı Belqradda futzal üzrə Avropa çempionatı start götürəcək.

Turnirin ilk oyun günündə iki görüş keçiriləcək. A qrupunda meydan sahibi Serbiya Sloveniya yığmasına qarşı mübarizə aparacaq. B qrupunda isə İspaniya və Macarıstan komandaları üz-üzə gələcək.

Fevralın 3-də C qrupunda Rusiya Qazaxıstanla qarşılaşacaq. D qrupunda mübarizəyə qoşulacaq futzal üzrə Azərbaycan millisi də Avropa çempionatında ilk oyununu fevralın 3-də keçirəcək. Rəqib İtaliya yığması olacaq. İkinci görüş isə ayın 5-i Çexiyaya qarşı keçiriləcək. Hər iki qarşılaşma yerli vaxtla saat 21:00-da (Bakı vaxtı ilə saat 00:00-da) başlayacaq.

Yığmamızın Avropa çempionatında İtaliya ilə keçirəcəyi oyunun hakimləri də müəyyənləşib. Oyuna İngiltərə və Ukraynadan olan hakimlər briqadası təyinat alıb. “Belqrad Arena”da oynanılacaq ilk görüşün baş hakimi ingilis Mark Birkett olacaq. Ona ukraynalı həmkarı Oleq İvanov kömək edəcək.

Qrup mərhələsinə isə fevralın 7-də yekun vurulacaq. Avropa çempionatında on iki komanda dörd qrupda mübarizə aparacaq. Reqlamentə əsasən, hər qrupda ilk iki yerin sahibi dörddəbir finala yüksələcək.

Qeyd edək ki, Azərbaycan futzalçılarının ən yaxşı nəticəsi 2010-cu ildə qeydə alınıb. Həmin turnirdə yığma 4-cü yeri tutub.

Xəbər 1002 dəfə oxundu.