Bakıda keçiriləcək “Challenge” kubokunda dünyanın tanınmış gimnastları yarışacaqlar
Fevralın 19-dan 21-dək Azərbaycanda ilk dəfə idman gimnastikası üzrə FIG dünya “Challenge” kuboku keçiriləcək.

Yarışlar 2015-ci ildə ilk Avropa Oyunları zamanı gimnastikanın altı növü üzrə yarışlara ev sahibliyi etmiş Milli Gimnastika Arenasında təşkil ediləcək.

Kubok yarışlarında 19 ölkəni təmsil edən nümayəndə heyətinin tərkibində ümumilikdə 146 iştirakçı var. Yarışlarda ayrı-ayrı alətlər üzrə medallar uğrunda 46 kişi və 22 qadın gimnast mübarizə aparacaq.

Kişi gimnastlardan üçqat dünya çempionu Kenzo Siray (Yaponiya), gimnastika atı üzərində hərəkətlərdə dünya çempionatının bürünc medalçısı Kaya Kazuma (Yaponiya), Olimpiya Oyunlarının ikiqat gümüş medalçısı Marsel Nguyen (Almaniya), xalça üzərində sərbəst hərəkətlər üzrə Avropa çempionu Aleksandr Şatilov (İsrail) və digər gimnastlar yarışlarda iştirak edəcəklər.

Bu mötəbər idman tədbirinin tanınmış qadın gimnastları isə Olimpiya, dünya və Avropa çempionu Oksana Çusovitina (Özbəkistan), yeniyetmələrin Yay Olimpiya Oyunlarının sərbəst hərəkətlər üzrə çempionu Flavia Lopes Sarayva (Braziliya) və dünya kuboklarının üçqat qızıl medalçısı Dorina Bötsogödür (Macarıstan).

Favoritlər arasında dünya çempionatının paralel qollar üzərində bürünc medalçısı, “Bakı-2015” ilk Avropa Oyunlarında beş medala layiq görülmüş yeganə Azərbaycan idmançısı Oleq Stepko və komanda hesabında onunla birgə bürünc mükafat qazanmış Petro Paxnyuk da yer alır.

Azərbaycanı yarışlarda zərif cinsin nümayəndələrindən idman gimnastikası üzrə FIG dünya “Challenge” kubokunun gümüş medalçısı Kristina Pravdina, Marina Nekrasova, Yuliya İnşina və Mariya Smirnova təmsil edəcəklər.

Yarışların ilk iki günündə kişi və qadın gimnastları arasında kubokun təsnifat mərhələləri, sonuncu günündə isə ayrı-ayrı alətlər üzrə final mərhələləri keçiriləcək.

Tamaşaçıların yarışlardan daha çox zövq almaları üçün kubok boyunca müxtəlif müsabiqələr və əyləncə xarakterli fləşmoblar da təşkil olunacaq.

Xəbər 692 dəfə oxundu.