Mövsümün lider məğlubiyyətləri ilə başlanan son yarısının həqiqətləri
Yeni ildə klubların mübarizəsi qəribə təzadlarla başlanır. Mövsümün ən sabit komandaları sayılan "Qarabağ" və "Qəbələ" qış yuxusundan hələ ayılmayıblar - debüt oyunları məğlubiyyətlə başa çatıb. Hər iki matçda daha güclü tərəfin hələ də fasilə ab-havasında olması aşkar hiss olunurdu. Hərçənd "Qarabağ"ın zəif göründüyünü və ya passiv olduğunu söyləmək mümkün deyil. Hətta onun dəyişməyə meyilli olmasını da müşahidə etmək olar. "Qəbələ" də dəyişir. Açığı, "Kəpəz"lə görüşdə komanda özü-özünə maneə yaratdı. Qollar öz səhvləri və anlaşılmazlıqlar üzündən baş verdi. Bu nədir - geriliyin göstəricisi, yoxsa təsadüf? Qarşıdakı turlar bunu yəqin əyani göstərəcək. Lakin problemlərin təzə olduğunu da söyləmək olmaz. Az qala hər çempionat turu icmalında, hər Avrokubok şərhində çatışmazlıqların mahiyyətindən çox söz açırdıq. Əvvəldən də bilinirdi ki, bu gedişlə komandalar Azərbaycan futbolunu çiyinlərində daşımaq əvəzinə rəqiblərinin ab-havasında qalıb, onlardan bir az üstün olmağa çalışacaqlar.

Fasilə dövründə hər iki klubda oyunçu dəyişikliyini yeniləşməyə doğru prinsipial addımın başlanğıcı saymaq istərdik. Lakin ümumi iş, fəaliyyət konsepsiyası bəlli olmayan və vəziyyətdən asılılığı artmış Avroliqa iştirakçılarımızın qiymətini də, elə vəziyyətə uyğun - hər qərardan-qərara verə biləcəyik.

Ümumiyyətlə, fasilə dövrü hadisələrlə zəngin oldu. FİFA bəzi komandalarımızı oyunçu siyasətinə görə tənbeh etdi. "Xəzər Lənkəran"dan sonra "Rəvan" daha ciddi cəza aldı - 6 xalı silindi. Birinci dəstə təmsilçisi "Bakı"nın da xalı silindi. Bu yanlışlıqlara düşən komandalarımıza diqqət edib, son iki ildə yazdıqlarımızı xatırlasanız, paralellərin çox olduğunu əyani görərsiniz. Hər şey işə qeyri-ciddi münasibətdən doğur. Məşqçiləri saymaqla məşğul olan "Rəvan"la "Xəzər Lənkəran", inadla yerli futbolu ciddi qəbul etməyərək, üzünü əcnəbi idarəçilərə tutmuş "İnter", daxili nizam-intizamı olmayan, amma klub rəhbərinin az-çox inadı sayəsində yerli futbola bütün rəqiblərindən çox xeyir verən "Bakı" digər rəqiblərinə görə olmalı, düşünməyə vadar etməlidirlər. Lakin əvəzində, yenə "həmin hamam", "həmin tas", həmin səhvlər üzərində bina qurmaq istəyini müşahidə edirik.

Fasilədə "Xəzər Lənkəran" baş məşqçisini yenidən dəyişmək, yenə gənclərə üz tutmaq, hətta bu gənclərlə də üz-göz olmaqla bir suala əsas verdi: bu klubun bir yiyəsi, bir idarə edəni, bir sözü keçəni, bir söz deyəni olacaqmı? "Rəvan" da ondan geri qalmadı. Doğrudur, məşqçi dəyişmədi, amma hələ vaxt var, bu dəfə yenə köhnə variantlardan birini sükana gətirmək olar. Axı, indiki vəziyyətdə xalları yarılanmış bir hala gətirilməklə aşağı dəstəyə düşməyə real namizədə çevriliblər. Lənkəranda iki autsayderin duelində pat vəziyyətinin davam edəcəyinə işarəni görmək olardı. Hərçənd oyunu canlı izləmiş təcrübəli azarkeşlərin dediklərinə görə, Premyer liqa komandaları olmağı nəzərə alınmasa, meydanda gözəyatımlı yarıhəvəskar futbol izləmək, hətta perspektiv axtarmaq da mümkün idi.

Ötən tur daha iki debütantın qələbəsi və yüksəlişi ilə əlamətdar oldu. Doğrudur, bir mövsüm içində rəhbərlik dəyişib, strateji yeniləşməyə məruz qalmış "İnter", debütant olsa belə, daha hazırlıqlı "Zirə"dən geri qalmırdı. Əksinə, məhz təcrübəsi ilə ondan üstün görünürdü. Oyunun gözlənilən ədalətli heç-heçə nəticəsinin isə finiş ondəqiqəliyinin daha ədalətli - 2:1 hesabına yol açması yəqin hər iki tərəfin sabaha ümid qıcığı ola bilər. "Zirə" yüksəldiyi ikinci yeri təhvil verməmək, "İnter" isə ora yüksəlmək üçün bütün imkanlara malikdirlər. Axı, qış transferləri də bunu deyir. Hələ debütant "Kəpəz"lə, iddialı "Qəbələ"nin və əzəli favorit "Neftçi"nin də öz hesabı mütləq olmalıdır. Onlar da bu rəqabətin son mərhələsinə nə gerilik, nə də əskiklərlə başlayırlar.

Bir sözlə, AZAL-la "Sumqayıt"ın da elitada qalmaq üçün heç bir maneəsinin olmadığını və güclülərə sinə gərmək iqtidarında olduqlarını bəyan etsək, cəmi iki komanda ilə oyunları istisna etməklə, yarışın az-çox maraqlı keçməsinə hər bir şans var.

BATI YAR


Xəbər 1670 dəfə oxundu.