Fariz Məmmədov peşəkar rinqdə növbəti döyüşünə çıxacaq
Azərbaycanın ilk peşəkar boksçusu, “Qəbələ” idman klubunun üzvü Fariz Məmmədov fevralın 6-da peşəkar boks tariximizdə ilk dəfə olaraq WBF (World Boxing Federation) və WBCA versiyalarında dünya çempionluğu uğrunda döyüşə çıxacaq.

Boksçumuz Uqanda təmsilçisi Badru Lusambia ilə qarşılaşacaq. Uzun müddətdir bu vacib döyüşə hazırlaşan F.Məmmədov qarşılaşma öncəsi açıq məşqə çıxıb. Məşqin ardından boksçumuz jurnalistlərin suallarını cavablandırıb, fikirlərini media nümayəndələri ilə paylaşıb: “2001-ci ildən bir hədəfim var idi, mən çempion olmalıyam. Bu yola çıxmışamsa, bunu tamamlamaq lazımdı. On beş illik həsrətə son qoymaq istəyirəm. Şəxsi agentim Yaşar Niftəliyevə təşəkkürümü bildirirəm. Hər zaman yanımdadır. Karyeramı ona etibar etmişəm. “Qəbələ” idman klubuna da sonsuz təşəkkürlərimi bildirirəm. Bu, Azərbaycan boks tarixində yeni səhifədir. Belə bir söz var – “Güclü olanların bəxti gətirir”. İnanıram ki, mənim də bəxtim gətirəcək”.

F.Məmmədov bildirib ki, artıq 6 aydır Badrunu tanıyıram. Bu işlə məşğul olan məşqçilər var. Solaxay olduğunu deməliyəm ki, bu da boksda çətinlik yaradır. Ancaq mənim üçün çətinlik yaradacağını düşünmürəm. Çünki artıq 6 aydır ona qarşı hazırlaşıram.

Xəbər 715 dəfə oxundu.