Azərbaycan cüdoçuları Avropa kuboku yarışına uğurla başladılar
Bolqarıstanın paytaxtı Sofiyada cüdo üzrə Avropa kuboku yarışlarına start verilib. Mötəbər turnirin ilk günü Azərbaycan cüdoçuları üçün uğurlu olub. Millimiz aktivinə 1 qızıl və 1 bürünc medal yazdırıb.

60 kq çəki dərəcəsində çıxış edən Oruc Vəlizadə yarımfinala gedən yolda avstriyalı Stefan Mosera, perulu Xuan Postiqa və Belarus təmsilçisi Arif Bağırova qalib gəlib. Yarımfinalda isə Vəlizadənin rəqibi komanda yoldaşı Elburus Zamanov olub. Zamanov bu bu mərhələyə qədər Mərakeş idmançısı Yasin Mutadir, çernoqoriyalı Vuka Nikçeviç və İsrail cüdoçusu Yoava Şemeş üzərində qələbə qazanıb. Yarımfinalda baş tutan Azərbaycan duelinin qalibi Elburus Zamanov olub. Təsəlliverici görüşə qatılan Vəlizadə Rusiya idmançısı Səxavət Hacıyevə məğlub olaraq 5-ci olub. Uğurlu çıxışını davam etdirən Zamanov isə finalda italiyalı Elios Mansiyə qalib gələrək Avropa kubokunu qazanıb.

66 kq çəki dərəcəsində mübarizə aparan İlkin Babazadənin çıxışı da uğurlu alınıb. Yarımfinala qədər macar Bensa Zambori,sloveniyalı Rok Plesnik və gürcüstanlı Mindia Liluaşviliyə qalib gəlsə də, bu mərhələdə Belarus təmsilçisi Dmitriyu Şerşana məğlub olub. Lakin bürünc medal uğrunda görüşdə daha bir gürcüstanlı idmançı Qela Kelixaşviliyə qalib gəlib.

48 kq çəki dərəcəsində ölkəmizi təmsil edən Ayşə Qurbanlı ilk qarşılaşmasında belçikalı Annu-Sofi Yuranı məğlub edərək 1/4 finala yüksəlib. Lakin Rusiyalı cüdoçu Kristina Rumyantsevaya məğlub olaraq təsəlliverici görüşlərə qatılıb. İlk görüşündə sloveniyalı KristinaVrsiçə qalib gəlsə də, ikinci qarşılaşmasında israilli Noe Minskerə uduzaraq 5-ci olub.

Digər cüdoçularımız - Fəqan Quluzadə, Vüqar Bayramov, İsmayıl Piriyev (hər üçü 73 kq), Vüqar Şirinli Davud Məmmədsoy (hər ikisi 60 kq), Xanım Hüseynova və Validə Mirzəzadə (hər ikisi 63 kq), Şəhanə Alməmmədova (57 kq) mübarizəni erkən dayandırıb.

Qeyd edək ki, millimizin 23 cüdoçu ilə təmsil olunduğu yarışlara sabah yekub vurulacaq.

Xəbər 744 dəfə oxundu.