Robert Prosineçki: Azərbaycanın U-21 komandasının potensialı var
Son oyunda Bəhreynin U-20 komandası 0:4 hesabı ilə məğlub olubsa və komandamız turnir çərçivəsində keçirdiyi 4 oyunun hamısında qələbə qazanıbsa, deməli, yaxşı nəticə əldə etmişik. Turnirlə bağlı təəssüratlarım müsbətdir. Komanda üzvləri özlərini yaxşı tərəfdən göstərməyi bacardılar. Üstəlik, müsbət nəticələr sayəsində onlar özünəinam qazanıblar. Bu, çox vacibdir.

Bu sözləri futbol üzrə Azərbaycan milli komandasının baş məşqçisi Robert Prosineçki U-21 yığmamızın “Antalya Cup” beynəlxalq turnirindəki qələbəsinə münasibət bildirərkən söyləyib.

Baş məşqçi deyib: “U-21-in məşqçilər korpusunun məqsədi əsas milliyə yeni futbolçular qazandırmaqdır. AFFA-nın texniki direktoru Bernhard Lippertlə mənim işim isə bu cür turnirləri daim diqqətdə saxlamaq, gənc futbolçuları izləməkdir. Dörd oyunun hamısı maraqlı keçdi. Amma Ukrayna yığması ilə qarşılaşmanı xüsusi qeyd etmək istərdim. Ən çətin oyunumuz onlara qarşı oldu. Qarşılaşma turnirdəki ilk oyunumuz olduğuna, həm də rəqibin gücünə görə ağır keçdi. Rəqib güclü olsa da, qələbə qazanmağı bacardıq. Oyunların hamısında futbolçularımız topla yaxşı davrandı, baxımlı qollar vurdu. Mən və məşqçi həmkarlarım turnir ərzində maraqlı məqamlar gördük. Faydalı bir turnir oldu”.

Xorvatiyalı mütəxəssis bildirib ki, U-21-in heyətindən Namik Ələskərovu və Elnur Cəfərovu artıq tanıyır. “Namiki zədəli olduğuna görə milliyə dəvət etmirdim. Çünki o, 8-9 ay futbol oynamadı. Elnur isə əsas millinin bir neçə toplanışında iştirak edib və oyun da keçirib. Hər ikisi millinin üzvüdür. Ola bilsin, əlavə bir futbolçunu da hazırlıq prosesinə cəlb etdim”, - deyə o əlavə edib.

Komanda üçün titul qazanmağın əhəmiyyətli hadisə olduğunu diqqətə çatdıran baş məşqçi deyib ki, sonda mükafatlandırma zamanı kuboku alanda əziyyətinin bəhrəsiz qalmadığını hiss edirsən. Komandanın potensialı var. Heyətdə yaxşı futbolçular cəmləşib. Bizim üçün bu turnirin vacib tərəfi futbolçuları meydanda izləmək idi.

Xəbər 638 dəfə oxundu.