Qaçqınlar yığması “Olimpiada-2016”da iştirak edəcək
Qaçqınlar komandası Rio-de-Janeyroda keçiriləcək 2016-cı il Yay Olimpiya Oyunlarında iştirak edəcək. Bu barədə Beynəlxalq Olimpiya Komitəsinin (BOK) prezidenti Tomas Bax bildirib. O deyib: “BOK güclü qaçqın idmançıları Rio-de-Janeyroda Olimpiya Oyunlarına dəvət etmək qərarına gəlib”.

Bundan əvvəl BOK qaçqınlara yardım fondu təşkil edib. Fondun büdcəsi 2 milyon dollar təşkil edir.

Komitə ötən ilin dekabr ayında Suriya, Konqo və İrandan üç qaçqın idmançıya 2016-cı il Oyunlarına hazırlıqda kömək etmək qərarına gəlib. BOK rəhbərliyinin fikrincə, hazırda Almaniyada məşq edən suriyalı üzgüçü, Braziliyada olan konqolu cüdoçu və Belçikada yaşayan iranlı taekvondoçu Rioda digər idmançılarla rəqabət apara bilərlər.

Lakin Olimpiadada idmançıların BOK bayrağı altında iştirakı yalnız seçim meyarlarını yerinə yetirdikləri halda mümkün olacaq.

Xatırladaq ki, Rio-de-Janeyroda Olimpiya Oyunları avqustun 5-dən 21-dək keçiriləcək.

Xəbər 644 dəfə oxundu.