“Sportcal” Azərbaycanın idman ölkəsi kimi nüfuzunu çox yüksək qiymətləndirib
Azərbaycanın idman ölkəsi kimi dünyada tanınması, ölkəmizin idman sahəsində qazandığı uğurlar, əldə etdikləri nailiyyətlər beynəlxalq idman ictimaiyyəti tərəfindən çox yüksək qiymətləndirilir. Bununla yanaşı, idman sahəsində ixtisaslaşmış bir sıra nüfuzlu beynəlxalq təşkilatlar da Azərbaycanın idman ölkəsi kimi nüfuzunu çox yüksək dəyərləndirir. Bu qurumlardan biri də ölkələrdə idmanın inkişafını araşdırma qurumu olan “Sportcal”dır.

“Sportcal” resursu dünyanın 97 faizini əhatə edən 190 ölkədə idmanın hazırkı inkişaf durumunu araşdırır. Bu resurs Qlobal İdman Təsiri layihəsinin əsas tərəfdaşlarından biridir. Layihənin məqsədi idmanın insanların həyatına təsirini müəyyənləşdirmək üçün dünya səviyyəsində qəbul edilən metodologiyanın yaradılmasıdır. İdmanın insanların gündəlik həyatında mühüm rolunu nəzərə alaraq reallaşdırılan bu layihə çərçivəsində resurs dünyanın onlarla ölkəsində və şəhərində idmanın cəmiyyətdəki rolunu müəyyənləşdirmək üçün araşdırma aparıb. Resursun hazırladığı reytinq cədvəlinə əsasən 4111 xalla Azərbaycan 81 ölkə arasında 37-ci yerə layiq görülüb.

Bundan başqa, “Sportcal” dünya şəhərlərində idmanın insanların həyatına təsirini qiymətləndirmək üçün də araşdırma aparıb. Ölkəmizin paytaxtı Bakı 100 şəhər arasında 26-cı yerdə qərarlaşıb. Şəhərlərin müəyyənləşdirilməsi zamanı paytaxtımız 3974 xalla bu yerə layiq görülüb. Resurs araşdırma apardığı ölkənin, o cümlədən şəhərin ev sahibliyi etdiyi idman tədbirlərini, bu tədbirlərdə iştirak edənlərin sayını, yaradılan idman infrastrukturunu əsas götürüb. Beləliklə, beynəlxalq idman ictimaiyyəti tərəfindən qəbul edilən belə bir mühüm idman qurumunun ölkəmizə verdiyi bu qiymət heç də təsadüfi deyil.

Azərbaycan son dövrlərdə olduqca mötəbər beynəlxalq idman yarışlarına ev sahibliyi edib, ölkəmizdə müasir idman infrastrukturu yaradılıb, idmançılarımız mühüm beynəlxalq idman tədbirlərində tarixi qələbələrə imza atıblar. Ötən il Bakıda yüksək səviyyədə keçirilən birinci Avropa Oyunları da Azərbaycanın beynəlxalq idman nüfuzunu artırıb, ölkəmizi dünyada layiqincə tanıdıb.

“Sportcal” kimi qurumun Azərbaycanda idmana verdiyi qiymətdə bu amil də mühüm rol oynayıb.

Xəbər 612 dəfə oxundu.