Bakıda atletika üzrə beynəlxalq turnir başlayıb
Yanvarın 29-da Bakıdakı Respublika Olimpiya Mərkəzində SSRİ-nin və Azərbaycanın əməkdar idman ustası Aleksandr Antipovun xatirəsinə həsr olunmuş atletika idmanı (tullanmalar) üzrə səkkizinci beynəlxalq turnir start götürüb.

Turnirin açılış mərasimində Azərbaycan Atletika Federasiyasının prezidenti Çingiz Hüseynzadə çıxış edərək ölkəmizdə idmana göstərilən dövlət qayğısından və idmançılarımızın beynəlxalq arenada qazandığı nailiyyətlərdən danışıb.

Saxa (Yakutiya) Respublikasının Dövlət İclasının deputatı, Milli İdman Növləri Mərkəzinin direktoru İnnokenti Qriqoryev Azərbaycan idmançılarının qazandığı nailiyyətləri yüksək qiymətləndirib və turnirin əhəmiyyətindən danışıb.

Yarışın proqramına əsasən, idmançılar uzunluğa tullanma, üçtəkanla tullanma, yakut tullanmalar üzrə mübarizə aparırlar.

On səkkiz yaşadək atletlərin mübarizə apardığı turnirdə Azərbaycan, Gürcüstan, Kuba, Qazaxıstan və Rusiya (Saxa Yakutiya) idmançıları yarışırlar.

Memoriala yanvarın 30-da yekun vurulacaq.

Xəbər 735 dəfə oxundu.