“Olimpiya Hərəkatı” proqramı çərçivəsində sonuncu təlim-məşq təşkil olunub
Yanvarın 29-da “Olimpiya Hərəkatı” proqramı çərçivəsində finala vəsiqə qazanan məktəb komandalarının sonuncu - velosiped idmanı üzrə təlim-məşqi keçirilib.

Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən tədbir Beynəlxalq Olimpiya Komitəsi və Olimpiya Oyunlarının ümumdünya tərəfdaşı “Coca-Cola” şirkəti, Azərbaycan Milli Olimpiya Komitəsi, Gənclər və İdman Nazirliyi, həmçinin Təhsil Nazirliyi tərəfindən təşkil olunub.

Təlim-məşqlər idmanın bu növü üzrə Bakı birinciliyinin final mərhələsinə vəsiqə qazanan 12 rayon komandasının yarışa hazırlığına dəstək məqsədi daşıyıb. Tədbir Azərbaycan Velosiped İdmanı Federasiyası, Təhsil Respublika İdman Mərkəzi və proqramın ulduz idmançısı Aqşin İsmayılovun iştirakı və bir başa dəstəyi ilə keçirilib.

Tədbirin ümumi təlimatlandırıcı hissəsindən sonra komandalar qruplara ayrılıb. Aqşın İsmayılov və Azərbaycan Velosiped İdmanı Federasiyası peşəkar məşqçiləri məktəblilərə velosipedin start zamanı yerindən düzgün götürülməsi, hərəkət zamanı sürətin tənzimlənməsi, döngələrdə hərəkətin təhlükəsizliyi mövzularında faydalı məlumatlar veriblər. Nəzəri sessiyanın ardınca federasiyadan dəvət olunmuş peşəkar idmançılar bütün hərəkətləri əyani olaraq nümayiş etdiriblər. Daha sonra komandalar onlar üçün ayrılmış məşqçilərin nəzarəti və təlimatı ilə bu hərəkətləri təkrar ediblər. Fasilə zamanı milli komandanın üzvləri Aqşin İsmayılov və Orxan Məmmədovun iştirakı ilə məktəblilər üçün ustad-dərsləri də göstərilib.

Milli Olimpiya Komitəsinin marketinq departamentinin rəhbəri Mehman Kərimov layihənin məqsədinin yeniyetmələrin asudə vaxtlarının səmərəli təşkili və onların fəal fiziki hazırlığa cəlb olunmasından ibarət olduğunu diqqətə çatdırıb. Bildirib ki, layihə idmanın dörd növünü – basketbol 3x3, velosiped, atletika və badmintonu əhatə edir. “Olimpiya hərəkatı” proqramı ölkəmizdə uşaqların idmana daha geniş cəlb olunması, idmanın, xüsusən də həmin dörd növün kütləviləşdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Çox sevindirici haldır ki, hər dörd növ üzrə təlim-məşqlər uğurla təşkil olunub. Proqramın final mərhələsinin isə martın əvvələrində təşkil olunması nəzərdə tutulub.

“Olimpiya Hərəkatı”nın ulduz idmançısı Aqşin İsmayilov proqramın gənclər arasında maraq oyatdığını bildirib. Qeyd edib ki, velosiped sürməyə həvəskar kimi başlayan uşaqlar üçün bu proqram olduqca əhəmiyyətlidir. Çünki, məktəb yarışlarından sonra kifayət qədər məktəbli bu idman növü ilə peşəkar səviyyədə məşğul olmağa başlayıb. Kütləviliyin təmin olunması isə gələcək uğurlarımızın bünövrəsidir. İnanıram ki, “Olimpiya Hərəkatı”nda mübarizə aparan məktəblilərin içərisindən xeyli sayda peşəkar idmançı çıxacaq.

Tədbirin sonunda Milli Olimpiya Komitəsi, Gənclər və İdman Nazirliyi, Azərbaycan Velosiped İdmanı Federasiyası, həmçinin Təhsil Nazirliyinin rəsmiləri finala vəsiqə qazanmış məktəbliləri təbrik edərək onlara qarşıdakı yarışda uğurlar arzuladı.

Xatırladaq ki, ilk dəfə 2003-cü ildə Niderlandda həyata keçirilən “Olimpiya Hərəkatı” proqramı genişlənərək digər ölkələri əhatə edib. Azərbaycan “Olimpiya Hərəkatı” proqramının icra olunduğu beşinci ölkədir. Proqramın əsas hədəf qrupu Bakının 350-dək orta ümumtəhsil məktəbində təhsil alan 12-16 yaşlı şagirdlərdir. Proqramın icrasını müvafiq idman növləri üzrə fəaliyyət göstərən milli idman federasiyaları da dəstəkləyir. Məktəbdaxili yarışlarla başlayan proqram Bakı şəhərinin rayonları üzrə birinciliklərlə davam edib. Proqram cari ildə “Bakı-2015” ilk Avropa Oyunlarında yarışların keçirildiyi obyektlərin birində təşkil olunacaq final və idman festivalı ilə başa çatacaq.

“Olimpiya hərəkatı” proqramının xüsusi hazırlanmış “Facebook”, “Instagram” və “YouTube” səhifələrində layihənin icrası, həmçinin məktəblilər arasında idman, sağlam və fəal həyat tərzi təşviq edilir.

Proqramın əsas məqsədi “Bakı-2015” ilk Avropa Oyunlarının sosial və idman irsinin davamı olaraq şagirdləri yüngül atletika, veloidman, basketbol 3x3 və badminton üzrə keçiriləcək yarışlara cəlb etməkdir. “Olimpiya hərəkatı” proqramı çərçivəsində uşaqların bədən tərbiyəsi ilə müntəzəm məşğul olması valideynlərin aktivliyinin artmasına da müsbət təsir göstərir.

Xəbər 751 dəfə oxundu.