Boksçularımızda bu dəfə alınmadı
Macarıstanın Debretsen şəhərində boksçular arasında beynəlxalq turnirə start verilib. Azərbaycan Boks Federasiyasından idman.com.az saytına verilən məlumata görə, yarışın ilk günündə rinqə çıxan 3 boksçumuzun hamısı rəqiblərini məğlub etsələr də, 2-ci gün komandamız üçün uğursuz olub.

56 kq çəki dərəcəsində mübarizə aparan dünya və Avropa çempionatının mükafatçısı Samir Məmmədov İsveç komandasının təcrübəli üzvü Bəşir Həsəni 14:10 hesabı ilə məğlub edib. Həmyerlimizin növbəti rəqibi Pekin olimpiya oyunlarının iştirakçısı türkiyəli Furkan Ulaş Məmiş olub. Gərgin mübarizə şəraitində keçən görüşdə Türkiyə boksçusu 1 xal üstünlüklə (12:11) qalib gəlib.

69 kq çəki dərəcəsində yarışan Tamerlan Abdullayev də turnirə qələbə ilə başlayıb. 19 yaşlı boksçu ötən il Ankarada keçirilmiş Avropa çempionatının qalibi Fred Evans (Uels) üzərində qələbə qazanıb. Gərgin mübarizə şəraitində keçən döyüş Abdullayevin 1 xal üstünlüyü ilə yekunlaşıb – 8:7. Lakin millimizin üzvü ikinci görüşdə özbəkistanlı Əhməd Mamadjanova 7:17 hesabı ilə uduzub.

Yeni çəki dərəcəsində (81 kq) mübarizə aparan Rahib Bəylərov da ilk döyüşdə qalib gəlib. Təcrübəli idmançı slovakiyalı Dirnfeld Sandronu yarışdan kənarlaşdırıb – 12:11. Ancaq Bəylərov ikinci qarşılaşmada Finlandiya boksçusu Ville Kasper Hukkanenə 4:12 hesabı ilə uduzub. Cavid Çələbiyev (52 kq) də yarışda mübarizəni dayandırıb. Azərbaycan çempionu cənubi koreyalı Şin Donq Myunqa 6:19 hesabı ilə məğlub olub. Kamran Mehdiyev (91 kq) isə Özbəkistan boksçusu Rüstəm Tulaqanovla döyüşdən məğlub ayrılıb – 6:16. Yarışa 5 boksçu ilə yollanmış komandamız Macarıstan turnirində çıxışını başa vurub.

Xəbər 1183 dəfə oxundu.