Buzadırmanma çempionatının keçirilmə vaxtı hava şəraiti ilə əlaqədar dəyişdirilib
Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının (FAIREX), Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə yanvarın 30-31-də Qusarın Ləzə kəndi yaxınlığında donmuş şəlalələrdə keçirilməsi nəzərdə tutulan buzadırmanma üzrə doqquzuncu açıq respublika çempionatının vaxtı ölkə ərazisində müşahidə olunan mülayim hava şəraiti ilə əlaqədar dəyişdirilib.

FAIREX-in ekspedisiya qrupu yarış qabağı donmuş şəlaləyə baxış keçirib. Baxış zamanı mütəxəssislər tərəfindən buzun keyfiyyətinin yarışın keçirilməsi üçün məqbul olmadığı qənaətinə gəlinib. Buna səbəb yüksək dağlıq yerlərdə, o cümlədən yarışların keçiriləcəyi Ləzə ərazisində qar-buz təbəqəsinin əriməsi, onların dayanıqlığının azalması olub.

FAIREX-in təşkilat komitəsinin yarışla bağlı keçirdiyi yığıncaqda aparılan müzakirələrdə çempionatın əsasnaməsinin ikinci bəndi rəhbər tutularaq, turnirin münasib hava şəraiti olduğu təqdirdə keçiriləcəyi barədə qərar qəbul edilib.

Xəbər 672 dəfə oxundu.