“Yamaha” komandasının pilotları cari ildə də çempionluğa iddialıdırlar
“MotoGP” seriyası üzrə dünya çempionu Xorxe Lorenso 2016-cı ildə də komanda yoldaşı Valentino Rossi ilə qalib adı uğrunda mübarizə aparmaq iddiasındadır.

“Yamaha” komandası ötən il 18 yarışdan 11-də qələbə qazanıb. Çempionluq mübarizəsi məhz bu komandanın sürücüləri – Xorxe Lorenso və Valentino Rossi arasında gedib. Valentino Rossi bütün çempionat ərzində turnir cədvəlində lider olsa da, son yarışda çempionluq mübarizəsində Xorxe Lorensoya məğlub olub.

Xorxe Lorenso yeni mövsümlə bağlı suallara cavab verərkən bu il də Rossi ilə çempionluq mübarizəsi aparmaq istədiyini vurğulayaraq deyib: “Ümidvaram, bu il də Rossi ilə çempionluq mübarizəsi aparacağam. Çünki bu, bizim rəqiblərdən güclü olduğumuzu göstərir. Mübarizə ikimiz arasında getsə, ya mən, ya da Rossi dünya çempionu olacaq. Ümumiyyətlə, motosikletimiz yaxşıdır. Amma yeni mövsümdə həm elektronik tənzimlənmələri, həm də təkər təchizatçısı dəyişib. Bu da çox şeyi dəyişdirib və bizə problem yarada bilər. Belə dəyişikliklər motosiklet üzərində oturma formasını də dəyişdirir və motosikleti başqa cür hiss edirsiniz”.

Xorxe Lorenso bildirib ki, yeni mövsümlə bağlı qaranlıq məqamlara gələn həftə keçiriləcək testlərdə aydınlıq gətiriləcək. Hazırda kimin daha güclü olduğunu deyə bilmərik. Çünki yeni mövsümlə bağlı yeganə testi Valensiyada yarışdan sonra etmişdik. Ona görə də yeni sistemləri və təkərləri test edə bilmədik. Yaxın müddətdə bütün dəyişiklikləri görəcəyik. Hazırkı vəziyyətdə kimin daha güclü olduğunu deyə bilmərəm.

Xəbər 615 dəfə oxundu.