ABŞ olimpiyaçıları Rusiyada bütün idman növləri üzrə dopinq yoxlamaları keçirməyə çağırırlar
Amerikalı olimpiyaçılar Beynəlxalq Olimpiya Komitəsinə (BOK) və Dünya Antidopinq Agentliyinə (WADA) müraciətlə rusiyalı idmançılar tərəfindən təkcə yüngül atletikada deyil, idmanın bütün növlərində dopinqdən istifadə edilməsi hallarını təhqiq etməyə çağırıblar.

ABŞ Milli Olimpiya Komitəsinin məşvərət şurasının prezidenti Sara Konradın imzaladığı məktubda deyilir ki, beynəlxalq idman federasiyaları dopinqdən istifadə edilməsi hallarını təhqiq etməli, WADA və BOK isə Rusiyada idmanın bütün növlərinin yoxlanıldığını yəqin etmək məqsədilə əsas rolu öz üzərinə götürməlidirlər. Məktubda göstərilir ki, təhqiqat təkcə yüngül atletika barəsində aparılmalı deyil. Konradın fikrincə, WADA-nın müstəqil komissiyası tərəfindən təqdim edilmiş məruzədən aşkar görünür ki, Rusiyada korrupsiya idmanın başqa növlərinə də aid olub.

Xatırladaq ki, Beynəlxalq Yüngül Atletika Federasiyaları Assosiasiyasının (İAAF) şurası keçən il noyabrın 13-də WADA-nın müstəqil komissiyasının məruzəsi əsasında Ümumrusiya Yüngül Atletika Federasiyasının İAAF-da üzvlüyünün müvəqqəti dayandırılması barədə qərar qəbul edib. Ehtimal ki, Rusiyanın yüngül atletika üzrə yığma komandası 2016-cı ildə Braziliyada keçiriləcək olimpiya oyunlarında iştirak edə bilməyəcək.

Xəbər 555 dəfə oxundu.