«Yuventus»un fan-klubu rəsmi fəaliyyətə başladı
Dünən axşam saatlarında «Yuve Azərbaycan» («Juve Azerbaijan») şirkətinin təşkilatçılığı ilə İtaliya futbolunun ən titullu klubu olan «Yuventus»un Azərbaycandakı fanatlarının birgə «I Gighiti Bianconeri» rəsmi yığıncağı keçirilib. «Byankoneri» fanatlarının Azərbaycanda rəsmi fan-klubunun yaradılması təşəbbüsünün müəllifi və bu istiqamətdə mühüm addımların atılmasında böyük rolu olmuş Anar Məmmədov fan-klubun prezidenti, təşkilati işlərdə həlledici rol oynamış Nicat Tağıyev isə vitse-prezident seçildilər. Daha çox qeyri-formal və səmimi keçən tədbirdə «Yuventus»un ölkədəki stajlı azarkeşlərindən 5 nəfər isə Fəxri ağsaqqalar şurası kollegiyasına daxil edildilər.

Mərasimdə çıxış edənlər təşəbbüsü dəstəkləyərək, Azərbaycanda ilk dəfə əcnəbi futbol komandasının rəsmi fan-klubunun fəaliyyətə başlamasını tarixi hadisə adlandırdılar və bunu təkcə klubu dəstəkləyənlərin ictimai birliyi deyil, həmçinin ölkədə futbolun inkişafı naminə addımlar atacaqlarını, onun tanınması üçün layihələr həyata keçirəcəklərini bəyan etdilər.

Anar Məmmədov etimada görə təşəkkürünü ifadə edərək bildirdi ki, tezliklə Bakıda «Yuventus»un rəhbərliyindən də nümayəndələrin iştirakı ilə sürpriz tədbir təşkil edəcəklərini bildirdi.

Nicat Tağıyev isə əsas məqsədlərindən birinin «Yuventus»un Azərbaycanda akademiyasını açmaq və onun məhsuldar fəaliyyətini təmin etmək olduğunu bildirdi. Bu istiqmətdə fəal işlərə də start verilib. Artıq üzümüzə gələn yay «Yuventus»un Bakıda düşərgəsi – «Yuve kamp» («Juve camp») açılacaq.

Tədbirdə ağsaqqallar, gənc fanatlar çıxış edərək ürək sözlərini, fikirləri və düşüncələrəi ioə bölüşdülər. Gurultulu «Forza Yuve» sədaları altında açılış mərasiminə həsr olunmuş video-klip nümayiş etdirildi.

Tədbir mərasim iştirakçılarının birgə İtaliya çempionatı «A» Seriyasının növbəti turu çərçivəsində keçirilən «Yuventus» - «Roma» əzəl rəqabətinin televiziya ekranları qarşısında birgə izlənməsi ilə başa çatdı. Onu da əlavə edək ki, matç ev sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Xəbər 1766 dəfə oxundu.