Azad Kərimov hazırlıq prosesini dəyərləndirdi
“Kəpəz” Topaz Premyer Liqasında mövsümün ikinci hissəsinə hazırlığı davam etdirir. Məşqçilər korpusu və futbolçular çempionata yaxşı hazırlaşmaq üçün səylə çalışır. Şahin Diniyev də yetirmələrinin təlim-məşq toplanışına münasibətindən razıdır. Klubun rəsmi saytına açıqlama verən “Kəpəz”in üzvü Azad Kərimov baş məşqçinin etimadını doğrultmaq üçün məşqlərdə canla-başla hazırlaşdıqlarını bildirib: “Çox həvəslə məşqlərə başlamışdıq və eyni əhval-ruhiyyədə işimizi davam etdiririk. İnanıram ki, Şahin müəllim Yevlaxda keçirdiyimiz ilk təlim-təlim toplanışında oyunçulardan razı qaldı. Bizə yaradılan şərait yaxşı idi. Ona görə də bütün gücümüzü məşqə qoymuşduq”.

Fiziki hazırlığı başa vuran “sarı-göylər” artıq Bakıda taktiki-texniki məşqlərə start veriblər. Paytaxtda olduğu müddətdə komanda iki yoxlama oyunu keçirəcək. “Kəpəz” əvvəlcə “Neftçi”, daha sonra “Ağsu” ilə görüşəcək: “Qarşıdakı iki sınaq matçı ilə mövsümün qalan hissəsinə hazırlığı başa vuracağıq. Yoxlama oyunları komandanın durumunu görmək üçün bizə lazımdır. Rəqiblər arasında fərq qoymaq və ya kiməsə yuxarından aşağı baxmaq olmaz. Biri elita, digər birinci divizion təmsilçisidir. Çempionat matçı kimi meydana çıxıb mübarizə aparacağıq”

Xəbər 758 dəfə oxundu.