“Rabitə”nin prezidenti: “Atom” gözəl oyun nümayiş etdirdi
“Mən hamını qələbə münasibəti ilə təbrik edirəm. Bu, tək “Rabitə” klubunun deyil, bütün Azərbaycanın qələbəsidir. Arzu edirəm ki, bizim komandalarımız həmişə ölkəmizin bayrağını yüksəklərə qaldırsınlar”. İdman.com.az saytının məlumatına görə, bunu “Rabitə” voleybol klubunun prezidenti deyib.

O, Çempionlar Liqasının 1/8 final mərhələsində Polşanın “Atom” komandasını mübarizədən kənarlaşdırmasına münasibət bildirib. Cəlil Cəfərovun sözünə görə, cavab matçında 3:1, ardınca, “qızıl set”də 15:6 hesabı ilə qələbə qazanan “Rabitə” bir daha çempionluğa iddialı olduğunu nümayiş etdirib: “Bəlkə də çoxları inanmırdı ki, “Atom” belə gözəl oyun nümayiş etdirər. Çox güclü komandadır. Həm müdafiədə, həm hücumda axıra kimi də mübarizə apardılar. Ancaq buna baxmayaraq, bizim klub bir daha sübut etdi ki, güclüdür və çempionluğa layiqdir. Azarkeşlərə də həmişə komandamızla olduğu üçün dərin minnətdarlığımı bildirirəm”.

C.Cəfərov bildirib ki, Bakının 2 komandasının Avropa Çempionlar Liqasının 1/4 final mərhələsinə yüksəlməsi böyük uğurdur: “Püşkatma klublarımız üçün elə də uğurlu alınmadı. Baxmayaraq ki, “Azərreyl” “Volero”ya qalib gəldi, ancaq onları da növbəti mərhələdə ciddi bir komanda gözləyir. Mən bu yolda onlara da uğurlar arzulayıram. Təbii ki, 2 Azərbaycan klubunun 1/4 finalda olması və bu mərhələni də uğurla adlaması, çox gözəl qələbə olardı”.

Qeyd edək ki, “Rabitə”nin növbəti mərhələdə “Fənərbağça” (Türkiyə), “Azərreyl”in isə “Dinamo” (Kazan, Rusiya) ilə qarşılaşmaq ehtimalı yüksəkdir.

Xəbər 1043 dəfə oxundu.