Bakının “Lokomotiv” voleybol klubu Çempionlar Liqası yarışlarının play-off mərhələsinə yüksəlib
Yanvarın 19-da qadın voleybol komandaları arasında Çempionlar Liqası yarışlarının qrup mərhələsinin növbəti oyunları keçirilib.

Turnirin “A” qrupunda Azərbaycanın iki klubu qarşılaşıb. Azərbaycan Voleybol Mərkəzində “Azərreyl” komandası “Lokomotiv”i qəbul edib.

Ukraynalı baş hakim Andrey Kovalçukun idarə etdiyi görüşün ilk seti “Azərreyl”in 25:21 hesablı üstünlüyü ilə başa çatıb. “Lokomotiv” komandası qarşılaşmanın ikinci setini öz xeyrinə yekunlaşdırıb – 25:22. “Lokomotiv” üçüncü hissədə də qələbəyə sevinib - 25:15. “Lokomotiv” dördüncü seti də öz xeyrinə başa vurub - 25:14. Beləliklə, “Lokomotiv” komandası “Azərreyl”i 3:1 hesabı ilə məğlub edərək Çempionlar Liqası yarışlarının play-off mərhələsinə yüksəlib.

“Dinamo” (Kazan) komandası qrupda 12 xalla birincidir. “Lokomotiv” 9 xalla ikinci, “Azərreyl” 3 xalla üçüncü pillədə qərarlaşıb. Üç xalı olan “Alyants Ştutqart” (set fərqinə görə) isə sonuncu yerdədir.

Xəbər 670 dəfə oxundu.