Atçılıq Federasiyası 2015-ci ilə rəsmi yekun vurdu
12 yanvar 2016-ci il tarixdə Azərbaycan Respublikasının Atçılıq Federasiyasında (ARAF) 2015-ci ilin yekunlarına dair təntənəli mərasim keçirilmişdir.

Mərasimdə ARAF-ın baş katibi Bəhruz Nəbiyevin 2015-cü ilin yekunlarına dair hesabat məruzəsi dinlənilmiş, il ərzində yüksək nailiyyətlər əldə etmiş idmançılar, məşqçilər, hakimlər ve digər idman xadim-ləri, həmçinin idman klubları Federasiyanın prezidenti tərəfindən fəxri fərmanlar və pul mükafatları ilə təltif edilmişlər.

2015-ci ilin yekunlarına əsasən ilin at sahibi nominasiyası üzrə Rəşad Əhmədov, ilin jokeyi nominasiyası üzrə Rauf Tahirov, Cıdır üzrə ilin məşqçisi nominasiyası üzrə Namiq Orucov, ilin idmançısı nominasiyası üzrə namizəd Seyid Musayev, ilin Çövkən oyunçusu nominasiyası üzrə Tərlan Qurbanəliyev, Konkur üzrə ilin məşqçisi Yusif Babayev və Aleksandra Ofçinnikova, ilin Polo oyunçusu nominasiyası üzrə Elçin Camallı, ilin jurnalisti nominasiyası üzrə Fəxri Məmmədov, ilin Televiziya şərhçisi nominasiyası üzrə Fikrət Adıgözəlov, ilin Televiziya kanalı nominasiyası üzrə İdman TV qalib olmuşlar.

Hesabat dövrünün yekunları üzrə “Sərhədçi” Çövkən komandası “Çövkən” milli atüstü oyunu üzrə ilin komandası, “Sərhədçi” Atçılıq klubu konkur üzrə ilin klubu seçilmişdir.
2015-ci il ərzində yarışların təşkilinə göstərdiyi 1-ci Arena Polo Avropa çempionatında dəstəyə və səylərə görə Cavid Abdullayev, yarışları ədalətli və qərəzsiz idarə etdiyinə görə Rafiq Ramazanov fəxri fərman və pul mükafatı ilə, 1-ci Arena Polo Avropa çempionatında Azərbaycanı layiqincə təmsil etdiyinə və Avropa Çempionu adını əldə etdiyinə görə fəxri fərmanla rəğbətləndirilmişlər.

Təntənəli tədbirdə 2015-ci ildə atçılıq sahəsində baş verən mühüm hadisələrlə bağlı sənədli film və keçirilmiş 1-ci Arena Polo Avropa Çempionatı barədə video çarx nümayiş etdirilmişdir.

Mərasimdə çıxış edən ARAF-ın prezidenti cənab Elçin Quliyev bildirmişdir:
“Növbəti ildə Azrərbaycan atçılıq Federasiyasının üzvləri, yüksək məqsədlərə nail oldular və bununla Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin qarşımıza qoyduğu tapşırıqları yüksək səviyyədə icra etdilər. Atçılığın bütün sahələri üzrə, konkur üzrə, cıdır yarışları üzrə, Çövkən milli oyunlarımız üzrə, Polo üzrə və digər sahələr üzrə nəzərdə tutulmuş illik proqramımız ən yüksək səviyyədə yerinə yetirilib. Mən düşünürəm ki, indi burada geniş çıxışa ehtiyac qalmır, çünki Atçılıq Federasiyanın baş katibi cənab Bəhruz Nəbiyev öz çıxışında bəs qədər geniş bütün məqamlara toxundu. Daha sonra biz iki qısa filmdə il ərzində keçirilmiş bütün tədbirləri televiziya ekranı vasitasilə izlədik. Qeyd etmək istəyirəm ki, çox sevinirəm. Nəticələrimiz uğurlu oldu, bununla yanaşı qeyd etmək istərdim ki, növbəti ildə düşünürəm bizim uğurlarımız daha yüksək səviyyədə olmalıdır.

Bu il biz daha çox təlim-məşq toplantılarına diqqət yetirəcəyik. Milli komandamızın üzvlərinin xaricdə təlim toplanışlarına cəlb olunması, klubların üzvlərinin xaricdə toplanışlara cəlb olunması məsələləri haqqında mənim federasiyanın rəhbər vəzifəli şəxslərinə tapşırıqlarım olmuşdur. Amma il ərzində atçılıq sahəsi üzrə ən yüksək nəticəmizi Arena Polo üzrə Milli Komandamızın qalibiyyətini qeyd etmək istərdim. Milli komandamızın üzvlərini bir daha alqışlayaq, çünki onlar sanki bir zəfər yarışına şıxmışdılar və hər kəsin düşünə bilməyəcəyi işləri həyata keçirə bildilər. Yarışdan öncə Beynəlxalq Federasiyanın rəhbər vəzifəli şəxsləri ilə mənim müəyyən danışıqlarım olmuşdur. O zaman komandaların dəyərləndirməsini xahiş etmişdim. Beynalxalq Federasiya tərəfindən komandaların dəyərləndirilməsi aparılmışdır. Bütün rəsmi nümayəndələr Azərbaycan komandasının rəsmi təliflərə düşə bilməyəciyini düşünürdülər. Amma zəhmət və əziyyət qarşısında, ardıcıl məşqlər sayəsində hər hansı nəticəni əldə etmək olar.

Bizim üçün bu il ərzində ən yüksək qiyməti isə prezidentimiz cənab İlham Əliyev verib. Bu bizim üçün ən ruhlandıran, ən yüksək bir amildir. Biz bundan sonra calışacayıq möhtərəm prezidentimizin bütün sahələr üzrə bizə verdiyi tapşırıqları həmin şərəf və həmin ləyaqətlə yerinə yetirək. Azərbaycan bayrağını daima ucalara qaldıraq. Təbrik edirəm! Sağ olun! ”

Sonda tədbir üçün xüsusi hazırlanmış tort Federasiya prezidenti cənab Elçin Quliyev və nominasiyalar üzrə qaliblər tərəfindən birgə kəsilmişdir.

Xəbər 1205 dəfə oxundu.