Güləşçilərimiz “Təxti Kuboku” beynəlxalq turnirinə yollanacaq
14-15 yanvar 2016-cı il tarixdə İran İslam Respublikasının paytaxtı Tehranda sərbəst və yunan-Roma güləşi üzrə böyüklər arasında ənənəvi “Təxti Kuboku” beynəlxalq turniri keçiriləcək.

Yunan-Roma güləşi üzrə yığmanın üzvləri böyük məşqçi Nurəddin Rəcəbov, məşqçilər Akif Əliyev və Əfsər Namazəliyevin rəhbərliyi altında yarışda iştirak edəcək. Heyətdə Səid Balabəyov, Sakit Quliyev (hər ikisi 59 kq), Azad Əliyev, Elman Muxtarov (hər ikisi 66 kq), Ruhin Mikayılov, Şəmistan Quluzadə (hər ikisi 71 kq) və Şəhriyar Məmmədov (85 kq) yer alıb.

Sərbəst güləşçilər isə məşqçi Rövşən Hacıyevin rəhbərliyin altında mübarizə aparacaq. Tehrana Mircəlal Həsənzadə (57 kq), Zəlimxan Vəliyev (61 kq), Emin Əzizov (70 kq), Kənan Əliyev (74 kq) və Məhəmməd Abdulxaliqovun (86 kq) yollanması gözlənilir.

Turnirin görüşlərini idarə edilməsində ölkəmizi beynəlxalq dərəcəli hakim Rövşən Azadov təmsil edəcək.

Xəbər 543 dəfə oxundu.