Gözlənilən nəticənin tarixçəsi və səbəbləri
İki il bundan əvvəl futzal yığmamız qitə çempionatının final mərhələsində sürprizli şəkildə yarımfinal mərhələsinə adlayanda, ardınca «Araz» Avropa klub kubokunda «dördlər finalı»nı 3-cü yerdə başa vuranda, bunu, sadəcə, uğur deyil, daha çox görülməli olan işlər üçün münbit şərait kimi qiymətləndirmişdim. Elə «İdman» qəzetinin səhifələrində ovaxtkı qeydlərim, ilkin qənaətlə, bir sıra hallarda maksimalist yanaşma ilə tənqidə bənzədənlər də olmuşdu. Hərçənd o vaxt vəziyəti 3 aspektdən qiymətləndirmişdim. Birinci, heyət və onun formalaşdırılması, ikinci və ən əsası, oyun və onun geniş təhlili, üçüncüsü və qeydlərimizin təməlini təşkil edən aspekt, assosiasiya və federasiyanın gördüyü işlər idi.
Həmin vaxtdan iki il keçib, «Araz»ın ardınca, yığma komanda da beynəlxalq arenada həmin nailiyyətləri nəinki təkrarlaya bilmədi, onlara heç yaxınlaşmadı da. Səbəblər aydındır.
Azərbaycan futzalının inkişaf üçün iki böyük şans dövrü olub. Birincisi, müstəqilliyin ilk illəri idi. 3 səviyyəli məşqçinin də öz aralarındakı prinsipial rəqabətii də əlavə etsək, o illərdə ölkə çempionatındakı daxili rəqabət ən yüksək həddə çatmışdı. Oyunlar böyük tamaşaçı auditoriyasını da asanlıqla toplayırdı.
Növbəti şans dövrü, AFFA-da baş verən köklü dəyişikliklərdən sonra çatdı. Ölkə yığmasına əcnəbi oyunçuların da cəlb edilməsi böyük fəaliyyət planı hazırlanmadan reallışdırlmamalıydı. Tək bu deyil, ümumən ölkədə futzalın inkişafı ilə bağlı hansısa layihənin gerçəkləşməsi, addımın atılması ilə bağlı kimsə nəsə deyə bilərmi? Halbuki bu gün ölkədə futboldan çox futzalın inkişaf etdirilməsinə hər cür münbit şərait var. Sadəcə, həmin məqamları görmək, qiymətləndirmək və inamla istifadə etmək lazımdır. İki il bundan əvvəlki qeydlərimin bu gün də aktuallığını itirməməsi o deməkdir ki, keçən bu iki il ərzində hər hansısa uğurlu iş görülməyib.
Budəfəki qitə çempionatı Avropada futzalın get-gedə daha da təkmilləşdiyini əyani göstərir. Çox keçməyəcək ki, «zal futbolu»nun inkişafı ilə bağlı vaxtında tədbirlər görülmədiyinə görə cavab vermək lazım gələcək. Əfsuslar ki, assosiasiya məhz bu istiqamətdə atılacaq addımların bir çox hallarda həm də futbolun inkişafına təkan verə biləcəyinə etinasız yanaşır.
Ötən dövrün əsas qənaəti isə bu olmalıdır: yığmaya nə qədər əcnəbi cəlb edilsə də, əsas diqqət yerli kadrların yetişdirilməsinə yönəldilməsə, bu istiqamətdə sistemli iş görülməsə, əldə olunan nəticələr də ilğım kimi, sadəcə, gözə görünəcək – həqiqət olmayacaq.
Yığmanın qitə çempionatındakı uğursuzluğunun əsas səbəblərindən biri kimi, elə komandanın baş məşqçisi və aparıcı üzvlərinin dediyi kimi, oyunçuların son vaxtlar müxtəlif klublara keçməsi və birgə oyun praktikasının az olması göstərilir. Sükançı həm də ehtiyat skamyasının darlığından danışır. Ümumiyyətlə, bütün bunlar kompleks problemlər kimi taktiki və funksional məsələlərin daha qabarıq büruzə verməsinə səbəb olur.
Portuqallarla görüşdə, bu ərəfədə də «İdman» qəzetində vurğuladığım bəzi məsələlər özünü büruzə verdi. Bəlkə, bəhanə axtaranlar, hər iki matçda kifayət qədər səhvlərə yol verən və hətta ikinci matçda meydandan qovulan qapıçı Andrey Tveryankini eşafota göndərə bilərlər, ikinci oyunda hakimin milli heysiyyatının oyanmasından və tərəfkeşliyindən də danışmaq olar. Lakin oyunlar əyani göstərdi ki, bizim problem heç də Tveryankin və hakimlə bağlı deyil. Ümumən komandanın müdafiə immuniteti xeyli aşağı düşüb. Hər iki matçda yığma heç də rəqibindən az hücum qurmadı. Əksinə, onlardan üstün oldu. Amma faydalı iş əmsalı, məhsuldarlıq, effektivlikdə, kollektivçilikdə rəqibinə uduzdu. Səbəb isə yenə köklü problemlər, həllini gözləyən cari və ümumi məsələlərdir.
Söz yox ki, final mərhələsində iştirak etməyin özü də bir hünərdir. Lakin hər dəfə əldə olunan uğuru yeniləmək istəyi yoxdursa, irəli getmək mümkün olmayacaq. Elə buna görə də ümid edək ki, son nəticələr AFFA-nı müvafiq addımlar atmağa sövq edəcək. Çünki uğursuzluğun kökü nə oyunçular, nə də baş məşqçi ilə bağlıdır. Necə deyərlər, niyyətin hara, mənzilin də ora. Yalnız o halda futzalımızın – dünyada kök salmadığı illərdə Azərbaycanda məşhur olan, inkişaf meyarları aşkar görünən və potensial imkanları aydın cızıla biləcək bir idman növünün dərdlərinə çarə tapılacaq.

Xəbər 2729 dəfə oxundu.