Sloveniya U-19 - Azərbaycan U-17: Məşqçi fikirləri
FIFA-nın I vitse-prezidenti Valentin Qranatkinin xatirəsinə həsr olunmuş XXVIII ənənəvi beynəlxalq turnirdə bu gün keçirilmiş Sloveniya U-19 - Azərbaycan U-17 oyunundan sonra hər iki komandanın baş məşqçisinin səsləndirdiyi fikirləri diqqətinizə çatdırırıq:

Təbriz Həsənov (Azərbaycan yığmasının baş məşqçisi): “Rəqibi təbrik edirəm. Sloveniya yığması bu gün qələbəyə layiq idi. Bütün komponentlərdə bizdən üstün oynadılar. Səhvlərimizi gördük. Bu məqam gələcəkdə daha yaxşı çıxış etməyimizə yardımçı olacaq. Yaş fərqini bəhanət etmək istəməzdim. Çünki buraya gələndə hansı komandalara qarşı oynayacağımızı bilirdik. Dəvət alsaq, gələn il də bu heyətlə çıxış edəcəyik. Lakin hazırda builki turnir davam edir. Növbəti oyunda daha yaxşı çıxış edəcəyimizi düşünürəm”.

İqor Benedeyçiç (Sloveniya yığmasının baş məşqçisi): “Çox texnikalı komandaya qarşı oynadıq. Birinci hissədə 2 qol vurduq. Azərbaycan millisinin də fərqlənmək üçün şansları oldu. Amma onlar şanslardan yararlana bilmədilər. Həm də biz ilk yarıda iki qol vuraraq, böyük üstünlük qazanmışdıq. Bu səbəbdən də ikinci hissədə daha rahat çıxış etdik. Qapıçımızın oyununu qeyd etmək istərdim. O bir neçə epizodda inamlı oynadı. Əminliklə deyə bilərəm ki, bu gün qapıçımız bizə çox kömək etdi”.

Xəbər 735 dəfə oxundu.