Antalyaya getməyən klublarımız “CBC Cup”da qüvvəsini sınayacaq
Qış toplanışını ölkə daxilində keçirəcək futbol üzrə Topaz Premyer Liqasının beş klubu Bakıda “CBC Cup” turnirində qüvvəsini sınayacaq.

Bu barədə AFFA-nın Klublar Komitəsinin sədri Fikrət Hüseynov açıqlama verib.

Onun məlumatına görə, turnir altı komandanın iştirakı ilə keçiriləcək. “CBC Cup”da “Neftçi”, AZAL, “Xəzər-Lənkəran”, “Kəpəz” və “Rəvan” klubları çıxış edəcək. Altıncı komandanın adına isə tezliklə aydınlıq gələcək. Qrup oyunları "AZAL Arena" və "Bayıl Arena"da olacaq. Turnirin final görüşü isə Bakı Olimpiya Stadionunda təşkil olunacaq. Qalib komandaya kubok təqdim ediləcək.

F.Hüseynov bildirib ki, yanvarın 12-də və ya 13-də start götürəcək turnir yanvarın 24-də yekunlaşacaq. Hakimləri AFFA təyin edəcək. Turnirin dəqiq reqlamenti və başlama vaxtı tezliklə bilinəcək.

Qeyd edək ki, sözügedən turnir AFFA, Peşəkar Futbol Liqası, AZAL klubu və “CBC Sport” telekanalının birgə təşəbbüs və təşkilatçılığı ilə keçiriləcək.

Xəbər 832 dəfə oxundu.