Arda Turan bu gecə “Barselona”–“Espanyol” oyununda meydana çıxacaq
Türkiyəli futbolçu Arda Turan “Barselona”–“Espanyol” komandaları arasında bu gecə oynanılacaq İspaniya kuboku qarşılaşmasında forma geyinəcək.

A.Turan “Nou Kamp” stadionunda keçiriləcək matçda Katalon klubunun heyətində ilk dəfə meydana çıxacaq.

Arda Turan 7 nömrəli formanı geyəcək. “Barselona”ya qoyulan transfer qadağasına görə klub 6 aydır futbolçunun xidmətlərindən istifadə edə bilmirdi. Həmçinin indiyədək “Barselona” komandasının heyətində meydana çıxmayan digər yeni transfer Aleks Vidalın da bu oyunda heyətə daxil edildiyi bildirilir.

Türkiyəli futbolçu A.Turan bununla bağlı deyib: “Uşaqlıqda ən böyük xəyalım “Qalatasaray” komandasında oynamaq idi. İndi isə “Barselona” kimi klubun heyətində meydana çıxacağam. Hər bir insan əgər öz üzərində çalışsa, onun xəyalları gerçəkləşə bilər”.

Qeyd edək ki, “Barselona” və “Espanyol” komandaları arasında ötən həftə oynanılan İspaniya La Liqası oyununda hesab açılmamışdı.

Xəbər 803 dəfə oxundu.